XƏBƏRLƏR

Müəllim yay məktəbi - açıq havada seminar

29.06.2021

27 iyunda Azərbaycan Respublikasının Təhsil İnstitutunun Təhsil İşçilərinin peşəkar inkişafı mərkəzi tərəfindən Bakı şəhərində Skeytparkda Azərbaycan dili və ibtidai sinif müəllimləri üçün Yay məktəbinin ilk seminarı keçirilib.

Seminar Təhsil işçilərinin peşəkar inkişafı mərkəzinin Əlavə təhsilin məzmunu şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Könül Nəhmətova tərəfindən "Azərbaycan dili fənninin tədrisi: problemlər və perspektivlər" mövzusunda aparılıb. Bakı şəhərinin və həmçinin bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ibtidai sinif müəllimlərinin iştirakı ilə baş tutuan seminarda "6 şlyapa" üsulu ilə fənnin tədrisindəki problemlər müzakirə edilib, təkliflər dinlənilib. Müəllimlər yeni dərsliklərin məzmununu, dəyişilən standartları təhlil etmiş və əvvəlki standartlarla müqayisələr aparmışdılar. Seminar iştirakçıları ayrıca olaraq, lirik şeirin struktur xüsusiyyətlərinin təhlili ilə bağlı praktik fəaliyyət aparmış, təcrübə mübadiləsi etmiş, çətinlikləri ilə bağlı tövsiyələr almışdılar. Sonda iştirakçıların ehtiyaclarının üzə çıxarılması məqsədilə sorğu dA keçirilmişdir.

Qeyd edək ki, "Həmkara dəstək" layihəsi üzrə təşkil olunan yay məktəbinin məqsədi müəllimləri təlimdən, dərsdənkənar öyrənməyə cəlb etmək, səmimi və rahat bir mühitdə həmkarları ilə əməkdaşlığa təşviq etməkdir. Layihənin qarşısında aşağıdakı vəzifələr dayanır: 

- Müəllimlərin diqqətini dərsliklərlə bağlı dəyişikliklərə cəlb etmək və metodik vəsaitlərlə işləməyin vacibliyini vurğulamaq;

- Müəllimlərin pedaqoji sahədə bilik və bacarıqlarını artırmaq;

- Mütəxəssis və müəllimlər arasında əməkdaşlığı möhkəmləndirmək;

- Müəllimləri öz aralarında əməkdaşlığa cəlb etmək.

Qeyd olunan vəzifələrin icrası üçün yay ayları ərzində açıq havada müxtəlif mövzularda seminarların təşkili nəzərdə tutulur.