HAQQIMIZDA

Ümumi məlumat

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 dekabr 2015-ci il tarixli 372 nömrəli qərarı ilə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun bazasında yaradılmışdır və onun hüquqi varisidir. İnstitut təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etməklə, təhsil işçilərinin ixtisasartırma təhsilinin məzmun standartını, modul və proqramlarını hazırlayan, təhsil işçilərinin fəaliyyətinin qiymətləndirilməsini həyata keçirən, təhsil sistemində tədris-metodik ehtiyacların müəyyənləşdirilməsi, təhsil innovasiyalarının  tətbiqi ilə bağlı praktik məsələləri, stajkeçmə və təkmilləşdirmə proqramlarının həyata keçirilməsini təmin edən əlavə təhsil müəssisəsidir.

İnstitutun əsas məqsədi təhsil işçilərinin davamlı peşəkar inkişafını təmin etməkdən ibarətdir.

İnstitutun yaranma tarixi:

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu 15 yanvar 2016-ci il tarixində yaradılmışdır.

İnstitutun kadr potensiali:

İnstitutda 9 şöbə, 1 mərkəz fəaliyyət göstərir. Hazırda institutun 97 əməkdaşı var.

İnstitutun fəaliyyət istiqamətləri:

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun fəaliyyət istiqamətləri aşağıdakı kimi müəyyən edilmişdir:

  • təhsil işçilərinin peşəkar inkişafının təmin edilməsi məqsədilə ixtisasartırma təlimlərinin məzmun standartlarının hazırlanması;
  • müxtəlif əlavə təhsil və ali təhsil müəssisələri tərəfindən hazırlanmış ixtisasartırma proqramlarının qiymətləndirilməsi;
  • keçiriləcək ixtisasartırma təlimlərinin keyfiyyətinə nəzarətin aparılması;
  • ixtisasartırma təlimləri keçmiş müdavimlərin yekun qiymətləndirilməsinin aparılması;
  • müasir və innovativ yanaşmaların tədqiqi və pilot layihələrin hazırlanması.

 

TƏHSİL İŞÇİLƏRİNİN PEŞƏKAR İNKİŞAFI İNSTİTUTU
Azərbaycan Respublikası Təhsil Nazirliyi