XƏBƏRLƏR

"Oynayaraq öyrənək" layihəsinə start verilib

04.04.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə əməkdaşlıqda yeni layihəyə başlayır. "Oynayaraq öyrənək" devizi altında həyata keçirilən layihə sosial yönümlü təhsil layihəsidir. Layihənin ana məqsədi uşaq bağçasına getməyən uşaqları didaktik oyunlar vasitəsilə məktəbə hazırlamağın mümkün olduğunu bütün cəmiyyətə və valideynlərə göstərmək, onları maarifləndirmək, cəmiyyətdə uşaq tərbiyəsi və təhsillə bağlı stereotip fikirləri sındırmaqdır.

Layihə çərçivəsində Pedaqoji Kollecin bir qrup tələbəsi aprel ayı ərzində TİPİİ-də xüsusi təlim keçəcəkdir. Təlimlərdə tələbələrə uşaqların erkən inkişafı, öyrənmə nəzəriyyələri, didaktik oyunların əhəmiyyəti, məktəbəqədər yaşlı uşaqlarla işin təşkili metodikası və s. nəzəri biliklərlə yanaşı sırf təcrübi bacarıqlar da aşılanacaq, 3-5 yaşlı uşaqlarla parklarda keçirmək mümkün olan fəal oyunlar öyrədiləcək, gələcək peşəkarlarla bu oyunların didaktik əhəmiyyəti təhlil ediləcəkdir. Xüsusi hazırlıq keçmiş tələbələr may - iyun aylarında Bakı şəhərinin parklarında dincələn uşaqlar və onların valideynləri, dayələrlə fləş-mob formatında öyrədici oyunlar keçirəcəkdir. Resurslarımız: adi təbiət materialları – qozalar, yarpaqlar, daşlar, sadə oyuncaqlar - top, ip, təbaşir.

Pedaqoji Kollecin rəhbərliyinə əməkdaşlıq təşəbbüsü və hərtərəfli dəstək üçün təşəkkür edir, kollecin tələbələrini İLK SOSİAL MƏSULİYYƏT LAYİHƏSİNDƏ iştirak səbəbi ilə təbrik edirik!

FOTO