XƏBƏRLƏR

"Qlobal Müəllim Mükafatı – 2017"-nin qalibi ilə tanış olun.

30.03.2017

     Dünyanın  ucqar, qar və buzla əhatə olunan regionlarından birində Meggi Mak Donnel öz şagirdlərinin və cəmiyyətin həyatını dəyişir. “Qlobal Müəllim Mükafatı – 2017”-ni qazanan şəxs Şimali Kanadada  inuitlərin yaşadığı Salluit qəsəbəsində işləyir. Bu qəsəbə o qədər ucqardır ki, buraya ancaq təyyarə ilə uçmaq mümkündür. Şimali Kanadanın ikinci ucqar  məskəni olan bu yerdə cəmi 1300 nəfər yaşayır  və hər biri  Megginin işindən, istedadından və əzmindən bəhrələnir.

    Dərs gününün günorta saat 3-də bitməsi fikri ilə razılaşmayan Meggi qeyd edir: “ Kiçik arktik cəmiyyətin müəllimi kimi mənim dərs günüm heç vaxt sona çatmır. Məktəbin qapıları bağlı ola bilər, lakin şagirdlərlə əlaqə davam edir, çünki mən onlarla birlikdə yaşayıram”.

   Bu qəsəbədə həyat heç də asan deyil. Dondurucu soyuq və gediş-gəlişi məhdudluğundan əziyyət çəkmələri ilə yanaşı, Kanadanın yerli sakinləri uzun müddət davam edən təzyiqlərə qarşı savaş içindədirlər.

   Yerli icmanın yaşadığı yerlərdə ətraf mühitin məhvinə yönəldilmiş təcavüzü və kütləvi iqtisadi-sosial bərabərsizliyi aradan qaldırmaq istəyi Megginin burada müəllim kimi işləməyinin ilkin səbəblərindən biridir.  Bu  region digər böyük çətinliklərlə də üzləşir. Burada təkcə 2015-ci ildə 18-25 yaşlı  kişilər arasında 6 intihar hadisəsi qeydə alınmışdır. Məhrumiyyət və təcridlə üzləşən yeniyetmələr içkiyə, narkotik vasitələrə və özünəqəsdə üz tuturlar.

   İnuitlərin məskəni olan Nunavikdə geniş yayılmış və kök salmış gender problemləri mövcuddur. Yeniyetmə hamiləliyi, seksual zorakılıq və gənc qızların fəaliyyətinin yalnız ev işləriylə məhdudluğu bu region üçün səciyyəvi xarakter daşıyır.

Həlli yolları

Bu mühitdə  müəllim kimi işləmək özü də diqqətəlayiqdir. Lakin Megginin etdikləri bundan daha artıq və qeyri-adidir.

Bəs şagirdləri problemlərin  həllini tapmağa istiqamətləndirməyin  yolları nədir?

“Həyat bacarıqları” layihəsinin uğurlu olmasının 3 xüsusiyyəti var:

Bu proqram gəncləri müxtəlif maraqlı fəaliyyətlərlə məktəbə cəlb etmək üçün motivasiya edir.
Burada  cəmiyyətin problemlərini həll etmək üçün bacarıqlar və kompetensiyalar formalaşdırır.
Şagirdlər gördükləri işə görə mükafatlandırılır. Meggi qeyd edir ki, burada şagirdlərin özünə inamı azdır, onlar cəmiyyət tərəfindən neqativ fikirlərlə qarşılaşırlar. Uşaqlara cəmiyyət üçün xeyirli insan olmaq şansı vermək həm şagirdlər, həm də cəmiyyət üçün bir çevrilişdir.

    Gender problemlərini həll etmək bu regionun ən aktual problemidir, buna görə də Meggi qızlar üçün  proqramlar tərtib etmişdir. Qeyd edək ki,  əvvəllər qeydiyyatdan keçənlərin əsas hissəsini  oğlanlar təşkil edirdi və yeni proqramla Meggi   500% inkişaf göstəricisi ilə qızları fəaliyyətə cəlb  etdi.

Həyat bacarıqları

     Megginin hazırladığı proqramlar müxtəlif istiqamətləri əhatə edirdi (velosiped təmirindən tutmuş inşaata qədər). Onlardan bəziləri aşağıdakılardır:

Fitnes mərkəzi

    Sağlam məşğuliyyət imkanlarının az olduğu bir cəmiyyətdə Meggi və onun şagirdləri fitnes mərkəzi yaratdılar. 100 000 dollar büdcəylə başlayan bu proqramda Megginin  şagirdləri boyama işindən tutmuş təchizatın yığılma işinə qədər hər işlə məşğul oldular. Şəkərli diabet və piylənməyə gətirən  xəstəliklərin hökm sürdüyü İnuit icmasında bu layihə inanılmaz dərəcədə faydalı oldu.

İcma mətbəxi

    Yalnız qızlar üçün nəzərdə tutulmuş bu layihədə 75 yerli sakin bir araya gəlib, şagirdlərin köməyi ilə hazırlanan yeməklə qida problemi yaşayan qrupları təmin etdi. Bu layihə yalnız aşpazlıq qabiliyyətinin inkişafında deyil, həmçinin qida təhlükəsizliyi və sağlam qidanın az olduğu bölgələrin yeməklə təmin olunmasında böyük rol oynadı.

“İkinci əl”  mağazası

    Bu qəsəbədə demək olar ki, bütün əşyaların kənardan gəlməsi yaşayış şərtlərini ağırlaşdırır, buna görə də Megginin  şagirdləri bu mağazanı yaratmaq  istəyirdi. Onlar bütün bağışlanılan “ikinci əl” əşyaları yığıb, həftəsonları mağazada satırdılar. Bununla da şagirdlər mağazanın idarə olunması, mühasiblik, müştəriyə xidmət  kimi bacarıqlar əldə etməklə yanaşı, sakinləri “ikinci əl” əşyalarla təmin edirdilər.

“Qlobal Müəllim mükafatı - 2017”nin qalibi

    Bütün bunlardan başqa şagirdlər şəkərli diabetlə mübarizə üçün 40 000 dollar vəsait toplamağa nail olublar. Meggi həmçinin müvəqqəti qəyyum-ana və xilaskar vəzifələrini də yerinə yetirib. O qeyd edir ki: “Üç fərqli hadisə ilə əlaqadər şagirdlərim mənə yaxınlaşıb, həyatlarını qurtardığım üçün mənə təşəkkür ediblər. Onlar yaxınlarının və dostlarının intihar etmək istədiyini və ya hər hansı travma aldıqlarını görən, keçid yaş mərhələsində olan gənclər idi. Şagirdlərim intiharla mübarizə üçün mənə müraciət etmişdilər”.

   Şagirdlərinin və Salluitdə olan hər kəsin həyatında əlamətdar rol oynamış Meggi Mak Donnel  1 000 000 ABŞ dolları dəyərində 2017-ci ilin  Qlobal Müəllim Mükafatına layiq görülmüşdür. O,  bu mükafatı qeyri-hökümət təşkilatı yaratmağa xərcləyəcək.

Təbriklər, Meggi!

“Qlobal Müəllim Mükafatı” Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd ibn Rəşid Əl Məktumun maliyyə dəstəyi ilə Varkey Fondu  tərəfindən təsis edilmişdir.