XƏBƏRLƏR

"İbtidai siniflərdə demokratiya və insan hüquqlarının tədrisi" mövzusunda seminarlar

27.01.2017

Bugün Avropa İttifaqı və Avropa Şurasının birgə “Şərq tərəfdaşlığı ölkələrində demokratiya və insan hüquqları təhsili” layihəsi çərçivəsində Bakıda ibtidai sinif müəllimləri üçün “İbtidai siniflərdə demokratiya və insan hüquqlarının tədrisi” mövzusunda seminar başlamışdır. 4 gün davam edəcək seminar 27-30 yanvar 2017-ci il tarixlərini əhatə edəcək. Seminarı Avropa Şurasının təhsil ekspertləri aparır. İştirakçı müəllimlərin seçilməsini və ilkin məlumatlandırılması Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu həyata keçirmişdir. Seçim zamanı digər təlimlərdə iştirak etmiş və müəyyən səriştəsi olan ibtidai sinif müəllimlərinə üstünlük verilmişdir.

Seminarın proqramında uşaq ehtiyacları və hüquqları, bu hüquqların uşaqlarla birlikdə tədqiq edilməsi, demokratik mədəniyyət kompetensiyaları kimi mövzularla yanaşı,  demokratiya və insan hüquqları tədrisi vasitəsilə sinifdə intizam qaydalarının yaradılması və sinfin idarəedilməsi məsələləri də yer alır.

İştirakçılar  Avropa Şurasının sifarişi ilə hazırlanmış ibtidai təhsil səviyyəsində öyrətmə metodları və resurslar ilə tanış olmaq imkanı qazanacaqdır.

Seminarda qazanılmış bilik və təcrübə “Həyat bilgisi” dərslərində tətbiq ediləcəkdir. Nəticələrin  may ayında keçiriləcək növbəti seminarda müzakirəsi planlaşdırılır. 

FOTO