XƏBƏRLƏR

"Distant təhsilin təşkili, e-təhsil resursları və alətləri" mövzusunda keçirilən təlimlər davam edir

14.11.2020

Azərbaycan Respublikası Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (YUNİSEF) arasında “2016-2020-ci illər üçün Azərbaycan Hökuməti-YUNİSEF Əməkdaşlıq Proqramı” çərçivəsində imzalanmış “2019-2020-ci illər üçün Təhsil proqramı üzrə Dövri Fəaliyyət Planı”na müvafiq olaraq “Azərbaycan Respublikasının təhsil sistemində elektron təhsil təcrübəsinin təşviqi” layihəsi çərçivəsində ölkə üzrə keçirilən "Distant təhsilin təşkili, e-təhsil resursları və alətləri" mövzusunda təlimlər davam edir.  Təlim ölkə üzrə distant formada tədris aparan müəllimlərin bilik və bacarıqlarının artırılması məqsədi ilə həyata keçirilir.

“Virtual məktəb” platforması üzərindən distant formada tədris aparan müəllimlər təlim zamanı aşağıdakı mövzular üzrə məlumatlandırılırlar:

1. “Virtual məktəb” platforması ilə tanışlıq;
2. Distant təhsil modeli;
3. Distant dərsin resurslarla təminatı;
4. Virtual məktəbə inteqrasiya olunan əlavə alətlər;
5. Virtual dərslərdə qiymətləndirmə mexanizmi və alətləri.

12 akademik saatı əhatə edən təlimlərdə iştirakçılar distant dərsin mərhələləri, daha maraqlı və əyləncəli dərslər üçün veb 2 alətləri ilə tanış olur, tapşırıqlar hazırlanır, qiymətləndirmə məsələləri, həmçinin MS Teams proqramı ilə işləyərkən yaranan problemlər və onların həll yolları müzakirə olunur.