XƏBƏRLƏR

Biologiya müəllimləri ilə refleksiya

20.11.2019

Noyabrın 20-də “Refleksiv müəllim” seminarında biologiya müəllimlərinin müzakirə obyekti “Çılpaqtoxumluların çoxalması və əhəmiyyəti” mövzusunda dərs icmalı oldu. Biologiya müəllimi Dilşad Nağıyevanın öz təcrübəsinə istinadən hazırladığı icmal müəllimlər tərəfindən maraqla qarşılandı və xeyli sual doğurdu. Dərsi müxtəlif rakurslardan təhlil edən müəllimlərin diqqəti “Bəs fəal dərs ərzində şagirdlər yeni informasiyanı nə zaman və hansı formada öyrənirlər?” sualına yönəldildi.

Uzunmüddətli müşahidələr göstərir ki, dərsi interaktiv formada qurarkən müəllimlər yeni materialın öyrənilməsi məsələsini ya yaddan çıxarırlar, ya da səmərəsiz formada verirlər. Biologiya fənni üçün çox münasib olan “Nişanlamaqla oxu”, “Ziq-zaq”, “Konseptual cədvəl”, “İstiqamətlənmiş müzakirə” və s. kimi fəal təlim üsullarından demək olar ki, istifadə etmirlər. Digər vacib sual Biologiya fənninin “xətti və ya spiral” tədrisinin mahiyyəti barədə idi.

 Müəllimlər “Bu mövzunu mən necə tədris edirəm?” sualı əsasında həmkarları ilə təcrübə mübadiləsi apardılar. Fikir ayrılıqları daha çox tapşırıqların, xüsusilə qrup tapşırıqlarının verilməsi üzərində idi.

Seminar payız tətili günlərinə təsadüf etdiyindən iştirakçılarımızın sayı 34 nəfərə çatmışdı. Hətta Sumqayıtdan və Şirvandan gəlmiş müəllimlər var idi.  Uzaqdan gəlmiş iştirakçılarımızın öyrənmək həvəsi alqışlandı və onlar TİPİİ-nin korporativ hədiyyələrini  qazandılar.

 Növbəti görüşümüz 28 noyabrda Rus dili fənnini tədris edən müəllimlərlə olacaq.