XƏBƏRLƏR

Ana Dili Günündə Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə görüş

21.02.2019

21 fevral - Beynəlxalq Ana Dili Günündə 30-dan çox Azərbaycan dili və ədəbiyyat müəllimləri ilə refleksiya keçirdik - həddən ziyadə emosional şəraitdə. Müzakirələr “Dil tədrisi necə olmalıdır? Zamanın tələbinə və şagirdlərin ehtiyaclarına uyğun dəyişəkmi? Yoxsa ötən əsrin ortalarında bərqərar olmuş öyrətmə üslubunu qoruyub saxlayaq? Dəyişiriksə, necə dəyişək ki, fənnin məntiqini təhrif etməyək, səmərəsiz şou yaratmayaq?” sualları ətrafında davam etdi. Seminarın mövzusu və suallar ciddi fikir ayrılığı yaratdı. Deməli, görüşümüz də formal keçmədi.

Seminarda iştirak edən dilçi-müəllimlərin böyük qrupu hesab edir ki, Azərbaycan dili fənninin kurikulumunda “dil qaydaları” məzmun xəttinin, şərti desək, məzmunun dörddə birini təşkil etməsi yanlışlıqdır. Həmin müəllimlərin fikrincə, “dinləyib-anlama” və “oxuyub-anlama” məzmun xətləri heç bir əhəmiyyət daşımır. Refleksiv suallar verilsə də, kontr-arqumentlər göstərilsə də həmin müəllimlər öz mövqelərini dəyişmədi. Əsas fikir belə idi ki, gənclərin ana dilində səlis şifahi və yazılı nitqinin formalaşması üçün əsas şərt “dil qaydaları” məzmun xəttinin genişləndirilməsi və dərinləşdirilməsidir.

Müzakirəni davam etdirmək arzusunda olanları növbəti “Refleksiv müəllim” seminarında gözləyirik.