XƏBƏRLƏR

"Refleksiv müəllim" seminarı məktəbəhazırlıq qrupunda işləyən müəllimlərlə

31.05.2019

Bu gün məktəbəhazırlıq qruplarında işləyən müəllimlər üçün təşkil etdiyimiz “Refleksiv müəllim” seminarında “Fiqurlar üzərində toplama” mövzusunu müzakirə etdik.

Seminar əsnasında müəyyən etdik ki, müəllimlər dərsin/məşğələnin müxtəlif mərhələləri üçün tapşırıqlar seçəndə “Bu tapşırığı niyə məhz bu hissədə verirəm?” sualına əhəmiyyət vermirlər. Bu isə vacib məsələdir. Dərs/məşğələ pilləkən kimi şagirdi sadədən mürəkkəbə, məlumdan naməluma aparmalıdır. Bunu isə düşünülmüş tapşırıqlar vasitəsilə etmək olar. Yəni, məsələn, motivasiya mərhələsi üçün seçilmiş tapşırıq öz məzmununa, tutumuna görə dərketmə və ya tətbiqetmə mərhələlərindəkindən seçilməlidir.

“Uşaqlar əslində necə öyrənir?” sualı da bizi xeyli mübahisələrə apardı. Gəldiyimiz nəticə belə oldu ki, çox zaman “Uşaq öyrəndi” qənaətinə gəldiyimiz vaxt şagird sadəcə kimisə imitasiya edir, yaxud nəyisə təkrarlayır, lakin dərketmə prosesindən keçmir.

Sonda verilən təklif və tövsiyələr əsasında “Fiqurlar üzərində toplama” mövzusunda məşğələ icmalının üzərində bir daha iş apardıq və məşğələnin daha təkmil versiyasını hazırladıq.

Ümid edirik, 27 nəfər seminar iştirakçısı “şüur genişlənməsi” təcrübəsi qazandı. Bütün iştirakçılara və ələlxüsus nümunə məşğələsini təqdim edən Rasimə xanıma təşəkkür edir, yeni üfüqlər arzu edirik.