XƏBƏRLƏR

"Heydər Əliyev simasında xarizmatik insan" adlı anım mərasimi keçirilib

12.12.2016

Dekabrın 12-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Heydər Əliyev simasında xarizmatik insan" adlı anım mərasimi keçirilib.

Tədbir iştirakçıları əvvəlcə dahi şəxsiyyətin unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Anım mərasimini TİPİİ-nin direktor əvəzi Vəfa Yaqublu giriş sözü ilə açaraq qeyd etdi ki, illər keçdikcə Azərbaycan xalqı özünün xoşbəxtliyinin, əmin-amanlığının, yüksək rifahının, ölkəmizin düzgün strateji xətlə inkişafı nəticəsində sabitliyinin və təhlükəsizliyinin mənbəyinin və təməlinin ulu öndər Heydər Əliyev ilə bağlı olduğunu daha dərindən dərk edir. Bu gün biz növbəti dəfə - hələ sağlığında öz quruculuq və xilaskarlıq missiyasını məharətlə yerinə yetirməklə canlı əfsanəyə çevrilən, xalqımızın əbədiyaşar Ümummilli Lideri zirvəsinə yüksələn fenomenal şəxsiyyət, dünya miqyaslı siyasətçi Heydər Əliyevin anım gününü qeyd edərkən Azərbaycanın çoxəsrlik tarixində öz mövqeyinə, nüfuzuna, xalqımızın taleyində, siyasi, ictimai və mənəvi həyatında, milli dövlətçiliyimizin qurulmasında və möhkəmləndirilməsində misilsiz xidmətləri olan ən böyük azərbaycanlının müqəddəs ruhu qarşısında baş əyirik. Tam məsuliyyət hissi ilə anlayırıq ki, məhz Ulu Öndərin müdrikliyi və uzaqgörənliyi, fədakar əməyi və titanik fəaliyyəti müstəqil Azərbaycan Respublikasının mövcudluğunu və inkişafını reallığa çevirib. Biz təhsil işçiləri də bütün Azərbaycan xalqı kimi, görkəmli dövlət xadimi Heydər Əliyevin anım mərasimini keçirərkən onun zəngin irsinə, nəsillərə örnək olan həyat yoluna nəzər salmaqla əziz və unudulmaz xatirəsini ehtiramla yad edir, gördüyü möhtəşəm işlərin, milli dövlətçilik və müstəqillik ideyalarının gerçəkləşməsində xidmətlərinin hədsiz əhəmiyyətini minnətdarlıq hissi ilə dərk edirik.

Daha sonra çıxış edən TİPİİ-nin mətbuat katibi Tofiq Sadıxov əlavə etdi ki, Azərbaycanlı olması ilə hər zaman fəxr edən, milli mənsubluğundan hədsiz iftixar hissi keçirən ulu öndər Heydər Əliyev öz fəaliyyəti və misilsiz xidmətləri sayəsində xalqın qəlbində və yaddaşında həmişəlik həkk olunub. Ulu Öndər elə bir iz qoyub ki, xalqımız özünün dahi rəhbəri ilə daim fəxr edəcək. Müdrik şəxsiyyət hər zaman - həm sovet, həm də müstəqillik dövründə xalqımızın müdafiəsi və rifahı, milli dövlətimizin qurulması və möhkəmləndirilməsi üçün elə yorulmaz və əzmkar fəaliyyət göstərib ki, Azərbaycan xalqı onu özünün həmişəlik Ümummilli Lideri seçib. Ulu öndər Heydər Əliyev xalqla birdəfəlik bütövləşərək vətəndaşların ürəyində və qəlbində özünə əbədi yer tutub.

Mərasimin sonunda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan və TİPİİ-nin Mətbuat xidməti tərəfindən hazırlanmış video sujet nümayiş etdirilib.