XƏBƏRLƏR

Məktəbəhazırlıq qruplarında tədrisin təşkilinə dair sual-cavab

01.10.2016

Sual: Məktəbəhazırlıq qruplarında məşğələlər nə vaxt başlanacaq? Cavab: Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər hər il, bir qayda olaraq, oktyabrın oktyabrın 1-də başlanacaq və mayın 31-də başa çatacaq. Bununla belə, 2016-cı ildə oktyabr ayının 1-i şənbə gününə təsadüf etdiyindən bu il məşğələlər oktyabrın 3-dən başlanacaq.

Sual: Məktəbəhazırlıq qruplarında məşğələlər ödənişli olacaq? Cavab: Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına aparılacaq.

Sual: Məktəbəhazırlıq qrupları bütün şəhər və rayonlarda fəaliyyət göstərəcək? Cavab: Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında fəaliyyət göstərəcək.

Sual: Məktəbəhazırlıq qruplarına neçə yaşlı uşaqlar cəlb ediləcək? Cavab: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarına əsasən, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar. Bununla belə, valideynlərin çoxsaylı müraciətlərini nəzərə alaraq, yaradılmış qrupların sayını artırmamaq şərti ilə uşaq sayı norması imkan verdiyi halda, 2010-cu ildə anadan olmuş, lakin məktəb yaşına çatmamış uşaqların da valideyninin arzusuna görə, məktəbəhazırlıq qruplarına cəlbi yerli təhsili idarəetmə orqanlarına tövsiyə edilib.

Sual: Məktəbəhazırlıq qruplarında hansı müəllimlər dərs deyəcək? Cavab: Məktəbəhazırlıq qruplarında məşğələlər yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılacaq.

Sual: Məktəbəhazırlıq qruplarında ümumilikdə neçə müəllim dərs deyəcək? Cavab: Məktəbəhazırlıq qruplarında dərs deyəcək müəllimlərin sayı qrupların sayına müvafiq olaraq müəyyən ediləcək.

Sual: Məktəbəhazırlıq qruplarında həftədə neçə saat dərs keçiriləcək? Cavab: Məktəbəhazırlıq qruplarının 2016-2017-ci dərs ilinə aid tədris (məşğələ) planına əsasən, məktəbəhazırlıq məşğələlərində həftədə 12 saat tədris aparılması nəzərdə tutulub.

Sual: Məktəbəhazırlıq qruplarında hansı dərs məşğələləri tədris olunacaq? Cavab: Məktəbəhazırlıq qruplarında Ətraf aləmlə tanışlıq, Savad təliminə hazırlıq və nitq inkişafı, Bədii təfəkkürün inkişafı, Məntiqi və riyazi təfəkkürün inkişafı, Təsviri fəaliyyət, Musiqi və Fiziki mədəniyyət dərs məşğələləri tədris ediləcək.

Sual: Bir məktəbəhazırlıq qrupunda neçə uşaq olacaq? Cavab: Məktəbəhazırlıq qruplarında uşaqların sıxlığı aşağıdakı kimi müəyyənləşdiriləcək:- qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 10 uşaq;- şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün - ən azı 15 uşaq.- Dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qrupunda uşaqların sayının 30 nəfərdən artıq olmasına yol verilmir.

Sual: Məktəbəhazırlıq məşğələləri həftədə neçə gün olacaq? Cavab: Məktəbəhazırlıq məşğələləri həftədə 4 (dörd) gün keçiləcək.

Sual: Məktəbəhazırlıq məşğələləri gündə neçə saat olacaq? Cavab: Məktəbəhazırlıq qruplarında bir gün ərzində 3 (üç) məşğələ tədris olunacaq.

Sual: Bir məşğələnin müddəti neçə dəqiqə müəyyən olunub? Cavab: Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyən edilib.

Sual: Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlara ev tapşırıqları veriləcəkmi? Cavab: Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur.

Sual: Məktəbəhazırlıq qruplarında uşaqlara qiymət yazılacaqmı? Cavab: Məktəbəhazırlıq qruplarında məşğələlərə davamiyyət və tədris olunan mövzu müvafiq sinif jurnalında qeyd ediləcək, uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndiriləcək və bu barədə valideynlərə məlumat veriləcək.

Sual: Məktəbəhazırlıq qruplarında tədris ilinin təşkili necə müəyyənləşdirilib və tətillər olacaqmı? Cavab: Məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünəcək:- I yarımil: 1 oktyabr-26 yanvar;- II yarımil: 1 fevral-31 may.Dərs ili ərzində aşağıdakı tətillər müəyyən olunub:- 5 gün payız tətili (16-20 noyabr);- 5 gün qış tətili (27-31 yanvar);- 5 gün əlavə tətil (1-5 may).