XƏBƏRLƏR

YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə (ASPnet) üzv məktəblərin əlaqələndiricilərinin toplantısı keçirildi

26.04.2019

Aprelin 26-da Təhsil İşçilərinin Peşəkar İnstitutunda (TİPİİ) YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə (ASPnet) üzv məktəblərin əlaqələndiricilərinin illik toplantısı keçirildi. Assosiativ Məktəblər Şəbəkəsinin (ASPnet) Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Lənkəran təmsilçiləri il ərzində görülmüş işlərlə bağlı hesabat vermiş, ASPnet üçün portaldan (OTA) istifadəyə  aid tətbiqi təlimatla tanış olmuş, məktəblərinin fəaliyyətini dünyadakı tərəfdaş məktəblərə təqdim etmək, yeni əməkdaşlıqlar qurmaq yolları barədə fikir mübadiləsi aparmış, mövcud onlayn resurslar barədə informasiya almışdır.

ASPnet 1953-cü ildə əsası qoyulmuş, 182 ölkədə 10 000-dən çox təhsil müəssisəsini birləşdirən qlobal şəbəkədir. ASPnet YUNESKO-nun “Hamı üçün təhsil“ məqsədini dəstəkləyir. Bu şəbəkə məktəbləri beynəlxalq anlaşma və sülhün təmin edilməsinə dəstək olmağa təşviq edir. Şəbəkə YUNESKO ideyalarına, o cümlədən XXI əsrdə öyrənmənin dörd sütünuna xüsusi diqqət yetirir: bilik öyrənmək; bacarıq öyrənmək; yaşamağı öyrənmək; birgə yaşamağı öyrənmək. Azərbaycanın  18 təhsil müəssisəsi  2000-ci ildən bu şəbəkənin üzvüdür. “ASPnet Azərbaycan”a daxil olan təhsil müəssisələri öz regionları üzrə qabaqcıl ümumtəhsil məktəbləri (eləcə də özəl məktəb), peşə təhsili verən lisey, körpələr evi-uşaq bağçası, müəllimlərin davamlı peşəkar inkişafı ilə məşğul olan əlavə təhsil müəssisəsi kimi fərqli profillərə mənsubdur. Şəbəkə dayanıqlı gələcəyi formalaşdırmaq üçün hər bir insana lazım olan bilik, bacarıq, davranış və dəyərlər əldə etməyə imkan yaradan, dayanıqlı inkişafı öyrədən təhsili təmin etməyə yardımçıdır.  Bu təhsil müəssisələrində il ərzində BMT-nin qlobal məqsədlərinə həsr edilmiş “Dünyanın ən böyük dərsləri” və YUNESKO-nun əlamətdar günləri ilə bağlı kampaniyalar keçirilir.  

İllik görüş həm ölkədaxili, həm də qlobal əməkdaşlığın yeni forma və məzmunda təşkili üçün təkan rolunu oynayır. Qeyd edək ki, “ASPnet Azərbaycan”ın son irimiqyaslı kampaniyası 2018-ci ilin noyabr-dekabr aylarında Azərbaycan Respublikasının Prezidenti Yanında YUNESKO üzrə Milli Komissiyanın dəstəyi ilə keçirilmişdir. Həmin kampaniya çərçivəsində hər bir şəbəkə məktəbi YUNESKO-nun Assosiativ Məktəblər Şəbəkəsinə üzvlüyü əks etdirən xüsusi adlı lövhələrlə təmin edilmişdir.   

Azərbaycanda ASPnet-in işi şəbəkə üzvü olan Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən koordinasiya edilir.