XƏBƏRLƏR

Məktəb direktorları üçün seminar

08.04.2019

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu 2018-ci ildən başladığı, inklüziv təhsillə bağlı məktəb direktorlarını maarifləndirmə xarakterli silsilə seminarlarını davam etdirir. Növbəti seminar bu gün – aprel ayının 8-nə təsadüf etdi. 25-dən artıq məktəb rəhbərinin toplandığı seminarda müəllimlərə TİPİİ-nin mütəxəssisi tərəfindən inklüziv təhsil, onun fəlsəfəsi, keçdiyi tarixi inkişaf yolu ilə bağlı nəzəri məlumatlar verildi, məsələnin qanuni tərəfləri izah olundu. Daha sonra direktorlar sağlamlıq imkanları məhdud uşaqların, ümumilikdə inklüziv təhsilin məktəblərdə yaradacağı problemləri dilə gətirdilər və bu problemlərə həll yolları təklif etdilər.

Fikir ayrılığı və yaranacaq problemlərdən qaynaqlanan narahatlıqlarla müşayiət olunan seminarın ikinci hissəsində isə müəllimlərdə inklüziv təhsil mədəniyyətinin formalaşmasından, düzgün yanaşma metodundan və bununla bağlı çatışmazlıqlardan danışıldı.

Elə seminarın da məqsədi bu idi – inklüziv təhsilin məktəblərdə yaradacağı problemləri qabaqcadan görmək və məktəb rəhbəri, eləcə də müəllimlərin bu məsələdə üzərlərinə düşən vəzifələri müəyyənləşdirmək!