XƏBƏRLƏR

"Peşəkar ol" proqramının yekun tədbiri

22.02.2019

Fevral ayının 22-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda pedaqoji ali məktəblərdə təhsil alan tələbə və magistrlar üçün təşkil olunmuş "Peşəkar ol" proqramının yekun tədbiri keçirilib. Proqramın bu dəfəki iştirakçıları Azərbaycan Dillər Universitetinin 36 tələbəsi olmuşdur. Gələcəyin müəllimlərinə peşəkar dəstək məqsədi daşıyan layihə  16 saatlıq proqram əsasında həyata keçirilib. Tələbə və magistrlar "Müasir təhsilin fəlsəfəsi", “Fənn kurikulumlarının xüsusiyyətləri”, “Psixo-pedaqoji yanaşma”, “Öyrətmənin və öyrənmənin xüsusiyyətləri”, “Sinfin idarəedilməsi”, “Tədrisin standartlar əsasında təşkili”, “Məktəbdaxili qiymətləndirmə” və s. mövzularda seminar və ustad dərslərdə iştirak ediblər.

Bağlanış tədbirində iştirakçılar onlara təklif edilən refleksiya tipli suallara cavab verməklə və əyləncəli tapşırıqları yerinə yetirməklə öz sertifikatlarını “müdafiə” etmiş,  müxtəlif simvolik hədiyyələr (həmçinin TİPİİ-nin loqosu əks olunmuş termos, qələm, köynək, fincan və s.) qazanmışlar.

Xatırladaq ki, 2017-ci ildə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun təşəbbüsü ilə başlayan bu layihənin artıq ikinci dövrəsi başa çatır və indiyədək 70-dən artıq tələbə və magistr proqramdan faydalanmışdır.