XƏBƏRLƏR

"Dilimizi sevək, sevdirək!" layihəsinin yekun tədbiri keçirilib

30.11.2018

Noyabrın 30-da Təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsinin qalibi - “Dilimizi sevək, sevdirək!” layihəsinin yekun tədbiri keçirilib. Qax və Zaqatala rayonunun təhsil işçilərinin iştirakı ilə keçirilən tədbirdə təlimlərdə və qiymətləndirmədə iştirak etmiş müəllimlərə dövlət nümunəli ixtisasartırma sertifikatı, həmçinin ən yüksək nəticə göstərən iki müəllimə TİPİİ-nin və layihənin loqosu yazılmış fincan hədiyyə olaraq təqdim olundu.

Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd azsaylı xalqların daha çox məskunlaşdığı kənd məktəblərində Azərbaycan dilini tədris edən müəllimləri «Yazı işinin təşkili metodikası” təlimlərinə cəlb etmək və onların bu istiqamətdə bilik və bacarıqlarını artırmaqdan ibarət idi.

Bu məqsədlə də Qax və Zaqatala rayonlarında bir qrup müəllim «Yazı işinin təşkili metodikası” mövzusunda 36 akademik saatlıq proqram əsasında ixtisasartırma təliminə cəlb olunmuşdular. Təlimlər zamanı müəllimlər “Niyə və nəyi yazmağı bacarmalıyıq?”, “Yaradıcı yazı  növləri”, “Üslubiyyat məsələləri”, “Esse yazırıq; səmərəli üsulların tətbiqi”, “Rəsmi-kargüzarlıq üslubu və əməli yazının növləri”, “Əməli yazının qiymətləndirilməsi” və s. mövzularda biliklərini artırmış, xüsusilə “Esse” yazı növü ilə bağlı yeni və faydalı məlumatlarla tanış olublar.

Daha sonra isə TİPİİ tərəfindən ixtisasartırma təlimlərində iştirak etmiş 50 müəllimin yekun qiymətləndirilmə imtahanı həyata keçirilmişdir.