XƏBƏRLƏR

Biologiya müəllimlərinin refleksiyası

07.12.2018

Ənənəvi olaraq ayda bir dəfə keçirilən, 2017-ci ildən etibarən start verdiyimiz və TİPİİ-nin ən maraqla qarşılanan seminarı – “Refleksiv müəllim”də bu dəfə biologiya fənnindən dərs icmalı müzakirə olundu.   

36 nömrəli məktəbin direktoru Emiliya Səfərəliyevanın “Duyğu orqanları və analizator” mövzusunda daha fəqrli formatda təqdim etdiyi dərs bu istiqamətdə vizual və praktik fəaliyyətlərlə davam etdi. Təqdimat zamanı müəllimin dərsi e-dərslik elektron portalından istifadə etməklə hazırlaması və zənginləşdirməsi müəllimlər üçün öyrəndikləri yeniliklərdən biri oldu.

Daha sonra icmal bütün müsbət və mənfi tərəfləri ilə, müxtəlif rakurslardan baxılmaqla təhlil olundu.

Müzakirələr zamanı müəllimlər “Dərsi əlavə informasiyalarla yükləmək lazımdırmı?”, “Verilən informasiyanın yaddaqalan və maraqlı olması üçün daha hansı metodlardan istifadə etmək olar?”, “Formativ və summativ qiymətləndirmənin mahiyyəti nədir və onlar müəllimi hansı suallar qarşısında qoyur?” və s. suallar ətrafında düşünərək öz təcrübələrini həmkarları ilə bölüşdülər.

Sonda müəllimlərin təklifləri əsasında dərsin daha şagirdyönümlü, praktik və səmərəli forması hazırlandı.  

Növbəti seminar ilin sonuna təsadüf edir və artıq ənənə halını alan, hər il seminarlarda dərsini müzakirəyə çıxarma cəsarəti göstərən müəllimlərdən birinə verilən “İlin refleksiv müəllimi” diplomu müəllimlərimizdən birini gözləyir.