XƏBƏRLƏR

"Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" proqramı üzrə öyrədici təlimlər başlamışdır.

24.07.2017

12 iyuldan etibarən ölkənin 6 rayonunda (Ucar, Sabirabad, Zaqatala, Astara, Lənkəran, Qax) "Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" mövzusunda ixtisasartırma təlimlərinə başlanmışdır. Ötən il olduğu kimi bu il də təlimlər YUNİSEF-in maliyyə və metodik dəstəyi ilə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən aparılır. İnstitut təlimlərlə bağlı  xüsusi hazırlıq işləri aparılmışdır:  

Ötən dərs ilində məktəbəhazırlıq qruplarında işin gedişatı İnstitut tərəfindən monitorinq edilmiş, müəllimlərin üzləşdiyi metodik problemlər qeydə alınmış, onun əsasında təlim proqramı təkmilləşdirilmiş (qeyd edək ki, hazırki təlimin proqramı  Məktəbəqədər Təhsil Kurikulumun təkmilləşdirilmiş layihəsi əsasında hazırlanmışdır), ötən il təlimçi kimi fəaliyyət göstərmiş müəllimlərdən 59 nəfəri mart - iyun aylarında dərinləşdirilmiş proqram üzrə təlim keçmişdir. Təlimlərin keyfiyyətinə nəzarət məqsədilə İnstitutda monitorinq qrupu yaradılmış, Qaynar xətt işə salınmış, məktəbəhazırlıq məsələləri üzrə ekspertimiz təlimçilərə telefon və elektron poçt vasitəsilə məsləhətçi xidməti göstərməyə başlamışdır. Bir neçə rayonda təlimlərin gedişatının skayp vasitəsilə izlənməsi planlaşdırılır. 

Proqram çərçivəsində müəllimlər "Məktəbəhazırlığın məqsəd və vəzifələri", "İnkişaf və təlim standartları", "5 yaşlı uşağın fiziologiyası, psixoloji xüsusiyyətləri, öyrənmə formaları", "Uşağın inkişafında oyunların rolu", "Ailələrlə əməkdaşlığın əhəmiyyəti və ünsiyyət strategiyaları", "Perspektiv və cari planlaşdırma" və s. mövzularda praktik məşğələlərdə iştirak edəcəklər.