XƏBƏRLƏR

"Oynayaraq öyrənək" layihəsinin bağlanışı keçirilib

01.06.2017

İyun ayının 1-də Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin birgə həyata keçirdiyi “Oynayaraq öyrənək” adlı sosial yönümlü təhsil layihəsinin bağlanış mərasimi keçirilib. Bir aydan çoxdur ki davam edən və "Oynayaraq öyrənək" devizi altında həyata keçirilən layihənin əsas məqsədi uşaq bağçasına getməyən uşaqları didaktik oyunlar vasitəsilə məktəbə hazırlamağın mümkün olduğunu bütün cəmiyyətə və valideynlərə göstərmək, onları maarifləndirmək, cəmiyyətdə uşaq tərbiyəsi və təhsillə bağlı stereotip fikirləri qırmaqdır. 

Layihə çərçivəsində Pedaqoji Kollecin  bir qrup seçilmiş tələbəsi aprel ayı ərzində TİPİİ-də təşkil olunmuş xüsusi təlimlərdə iştirak ediblər. “Didaktik oyunlar. Nəzəriyyə və təcrübə” adlı seminarda tələbələrə uşaqların erkən inkişafı, öyrənmə nəzəriyyələri, didaktik oyunların əhəmiyyəti, məktəbəqədər yaşlı uşaqlarla işin təşkili metodikası və s. nəzəri biliklərlə yanaşı təcrübi bacarıqlar da aşılanmış, 3-5 yaşlı uşaqlarla parklarda keçirmək mümkün olan fəal oyunlar öyrədilmiş, mütəxəssislərlə bu oyunların didaktik əhəmiyyəti təhlil edilmişdir.  

Kursu uğurla başa vurmuş  tələbələrdən 18 nəfəri  may ayı ərzində Bilgəh qəsəbəsindəki 11 saylı inteqrasiya təlimli internat məktəbində, Binəqədi rayonu Heydər Əliyev parkında, Yasamal rayonu İzmir  parkında, Şuşa rayonu Malıbəyli kənd 1 nömrəli tam orta məktəbində, N.Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbində, Binəqədi rayonu Mir Cəlal parkında uşaqlar və onların valideynləri, dayələrlə fləş-mob formatında öyrədici oyunlar keçiriblər.  

Layihənin yekun bağlanış tədbiri 1 iyun tarixində Pedaqoji Kollecin akt zalında keçirilib. Bağlanışda ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin direktoru Qulu Novruzov, TİPİİ-nun direktoru Vəfa Yaqublu,  layihənin rəhbərləri Elnarə Cavadova, Fəxri Məmmədli çıxış edərək layihə haqqında təsuratlarını bölüşüblər.

FOTO