XƏBƏRLƏR

"Promethean - ağıllı lövhədən istifadə" təlim kursu davam edir

18.04.2017

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi ilə birlikdə İnformasiya Kommunikasiya Texnologiyalarını (İKT) təhsildə səmərəli tətbiq etmək istəyən ümumi təhsil məktəb, universitet müəllimləri həmçinin təhsil sahəsində çalışan inzibatçılar, tələbələr və gələcəkdə müəllim kimi işləmək istəyənlər üçün təşkil etdiyi "Promethean - ağıllı lövhədən istifadə" təlim kursu davam edir.

Təlim ITE Əlavə Təhsil Mərkəzinin təlim üzrə mütəxəssisi Xalid Çəndərli tərəfindən aparılır. Təlim tək nəzəri biliklərin deyil həm də praktik bacarıqların formalaşması istiqamətində də təşkil olunur. 

Xatırladaq ki, təlim keçən mütəxəssis Xalid Çəndərli, Azərbaycanda ilin innovasiya müəllimi adına layiq görülüb. İKT-nin təhsilə tətbiqi istiqamətində geniş təcrübəyə malik Xalid Çəndərli 2017-ci ilin 21-23 mart tarixlərində Microsoft şirkəti tərəfindən Kanadanın Toronto şəhərində təşkil olunan “E2 Education Exchange” adlı tədbirdə Azərbaycanı təmsil etmişdir. 

Təlimlər həftənin şənbə və bazar günləri olmaqla TİPİİ-nin təlim tədris mərkəzində keçirilir. Təlim kursunu uğurla başa vuran müdavimlərə sonda  “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu  adından ixtisasartırma sertifikatı veriləcəkdir.