FAYDALI MATERİALLAR

Öyrətməyi öyrədirik

13.03.2017

Cari ilin yanvar ayından etibarən Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda yeni “Refleksiv müəllim” layihəsinə  start verilmişdir. “Öyrətməyi öyrədirik” devizi altında həyata keçirilən layihənin iş prinsipi çox sadədir: könüllü müəllimlər özlərinin uğurlu saydıqları dərslərin planını, icmalını və ya qısa videogörüntüsünü başqa müəllimlərə təqdim edir, dərs barədə məlumat verir, sonra isə suallar və şərhlər vasitəsilə həmin dərsin müzakirəsi aparılır. “Niyə bu formada?” sualına belə cavab veririk ki, illər ərzində müəllimlərimizlə aparılmış yüzlərlə təlimlərin ən səmərəli hissəsinin məhz real dərs icmalının müzakirəsi prosesi olduğunu yəqin etmişik. Müəllim özünün dərsi üzərində fikirləşəndə isə səmərə birə beş qat artır. Necə deyərlər, “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək” effekti işləyir.

Layihənin keçirilməsində bir neçə məqsəd güdürük:

-Məktəb metodbirləşmələrinə konstruktiv dərs müzakirələrinin modelini təqdim edirik;

-Nəticəyə aparan refleksiv suallar qoymağı öyrənirik və öyrədirik;

-Müəllimlər arasında buzqıran effekti yaratmaqla şəbəkələşmə, birlikdə hazırlanmış uğurlu dərs icmallarından yararlanma təcrübəsi yaradırıq;

-Müəllimlərə hazırladıqları dərsə müxtəlif rakurslardan baxmaq, konstruktiv tənqidə açıq olmaq, prosesi təhlil etmək bacarıqları aşılayırıq;

-İstənilən dərsi daha da uğurlu etmək imkanlarının sonsuz olduğunu, ideal dərs anlayışının nisbi olduğunu nümayiş etdiririk;

Zənnimizcə, son illərin ən ağrılı pedaqoji problemi məntiqsiz dərslərdir. Məntiqsiz dərs deyərkən aşağıdakıları nəzərdə tuturuq:

-müəllim məzmun standartlarını şərh etməkdə çətinlik çəkir, standartla mövzu arasında əlaqəni görmür və ya  səthi görür;

-seçilmiş iş üsulları və iş formaları ya bir-birini təkrar edir, ya təkzib edir, ya da məzmuna uyğun olmur;

-müəllim iş üsulları və iş formalarını ya qeyri-adilik, ya da asanlıq nöqteyi-nəzərindən seçir;

-dərsin mərhələləri bir-birini əvəz edərkən irəliyə addım deyil, xaotik hərəkət baş verir;

-şagirdlərə verilən tapşırıqlar öyrənilən materialı əks etdirmir, öyrədilənləri ölçməyə imkan vermir;

-dərs daha çox şou effekti üçün hazırlanır – dərsdə real öyrənmə prosesi getmir; ən yaxşı halda məlumat axını baş verir, şagirdlərin hafizəsi ilə iş aparılır;

-qrup işləri üçün nəzərdə tutulan tapşırıqlar qrup işi konsepsiyasına uyğun gəlmir;

-dərsin qiymətləndirilməsi qeyri-adekvat aparılır;

-7 mərhələli interaktiv dərs modeli düşünülmədən bütün fənlərdə və mövzularda tətbiq edilir;

-Hərdən müəllim bütün mərhələləri əhatə etmək istəyi ilə dərsi qaçaqaçda başa vurur (nəticədə şagirdlər öyrənmə prosesindən aralanır).

Son bəndi daha geniş şərh etmək zərurəti hiss edirik. Elə mövzular ola bilər ki, müəllim bütün dərs vaxtını “Tədqiqatın aparılması” mərhələsinə sərf edə bilər, sonrakı günlərdə isə həmin mövzu üzrə növbəti öyrənmə mərhələlərini təşkil edər. Əsas odur ki, müəllim təbii öyrənmə prosesini süni şəkildə nə uzatsın, nə də qısaltsın. Məsələn, əgər Tarix dərsində qoyulmuş mövzu ətrafında şagirdlər qızğın diskussiyaya qoşulubsa, müəllim “vaxtımız qurtarır, növbəti mərhələyə keçməliyik” deyib, təbii öyrənməni dayandırmamalıdır. Elə mövzular var ki, onları dərindən və daha uzun zaman öyrənmək lazımdır. Belə mövzuları öyrənərkən yaranan səriştələr sonradan şagirdlərə digər mövzuları daha tez və sərbəst öyrənmək imkanı yaradar. Ümumiyyətlə, “Dərs = 45 dəqiqə” yanaşması artıq özünü doğrultmur (burada “dərs” sözü “dərs almaq”, “öyrənmək” mənasında işlənir). Hərdən olur ki, müəyyən səriştənin formalaşması üçün bir neçə 45 dəqiqəlik dərs və sərbəst öyrənmə vaxtı lazım gəlir. Bəzən isə 45 dəqiqəlik dərsin kiçik bir hissəsi şagirdlərdə güclü  şüur genişlənməsinə səbəb olur. Refleksiya etməyi bacaran müəllim bütün bu nüansları hiss edir və öyrənmə prosesini daha sərrast idarə edir.

Beləliklə, bizim layihədə iştirak edən müəllimlər real dərs icmalları üzərində nəyin necə işlədiyini öyrənirlər. Artıq ibtidai sinif müəllimlərindən ibarət iki qrup (hər biri ayrı-ayrılıqda) dərs müzakirəsində iştirak ediblər. Qızğın mübahisələr, hərdən emosional çıxışlar da olub. Müzakirələrin konstruktiv məcrada və ziyalı mühitində keçməsini təmin etmək məqsədilə xüsusi qaydalar tətbiq olunur:

-Müzakirə mövzusu müəllim deyil, onun hazırladığı dərsdir;

-Dərs icmalı təqdim edilərkən suallar və şərhlər verilmir;

-Suallar icmal dinlənildikdən sonra verilir: sual konkret olmalı, şərh xarakteri daşımamalıdır;

-Sonra dərs haqqında şərhlər dinlənilir (hər şərh 1 dəqiqə ərzində verilməlidir, bu məsələyə vaxta nəzarət edən şəxs cavabdehdir, vaxt tamam olanda o, xüsusi siqnal verir);

-Təkliflər verilir (hər təklif 1 dəqiqə ərzində verilməlidir);

-Təkliflər və müzakirə əsasında dərsin daha təkmil və səmərəli forması hazırlanır (indi bu dərs icmalından hamı istifadə edə bilər);

-Həm dərsi təqdim edən şəxs, həm də bir neçə nəfər könüllü müzakirə zamanı  öyrəndikləri barədə danışır (Bu, prosesin  dəyərli hissəsidir. Müzakirədən çıxan müəllim müzakirəyə qoşulduğu andan bəri nə qədər inkişaf etdiyini özü üçün kəşf edir.)

Biz addım-addım müəllimlərimizdə pedaqoji refleksiya bacarıqlarının formalaşdırılması üzərində işləyirik. Bəs pedaqoji refleksiya olmayanda nə baş verir?

-Müəllim özünümüdafiə taktikası seçir;

-Onun üçün başqalarının nəzər nöqtəsini qəbul etmək çətin olur;

-Stereotip təfəkkür güclü olur.

İlk iki müzakirəmizin qazancı müəllimlərimizi özünümüdafiə taktikasından uzaqlaşdırmaq, başqalarına qulaq asmaq, öz əməyinə  tənqidi nəzərlərlə baxmaq mədəniyyəti formalaşdırmaqdan ibarətdir.

İbtidai sinif müəllimləri ilə işi bu təqvim ilində mütəmadi davam etdirməyi düşünürük. Digər fənn müəllimləri  qrup şəklində maraq göstərdiyi təqdirdə onlar üçün də “Refleksiv müəllim” seminarları təşkil ediləcəkdir. Bunun üçün TİPİİ-nin elektron səhifəsindəki müvafiq qeydiyyatdan keçmək kifayətdir. İlin sonunda 3 nəfər müəllimi  “Refleksiv müəllim” sertifikatı ilə təltif etməyi planlaşdırırıq.

Sonda layihənin adı barədə. Hərdən mütəxəssislər sual verir ki,  “Nə üçün layihəni “ReflekTiv müəllim” deyil, “ReflekSiv müəllim” adlandırmısınız?” Ad üzərində fikirləşərkən “ReflekTiv müəllim” variantına da baxmışdıq. Araşdırarkən məlum oldu ki, məsələn, rus mənbələri “refleksiv” və “reflektiv” sözlərini eyni tezliklə istifadə edir və bu sözlər arasında fərq qoymur. Bizim üçün çıxış nöqtəsi “reflekSiya” sözü olduğunda, “ReflekSiv müəllim” ifadəsindən istifadə etməyi qərara aldıq. İstənilən halda layihəmizin adından asılı olmayaraq onun məzmununun Azərbaycan müəlliminin peşəkar inkişafına dəstək olacağından əminik. “The Economist” jurnalının təbirincə desək, “Xoşbəxtlikdən, öyrətməyi öyrətmək mümkündür”.

 

Vəfa Yaqublu

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru

Əməkdar müəllim