FAYDALI MATERİALLAR

Dinləyib anlama

18.01.2017

Dinləyib anlama uşaqlarda oxuyub anlama vərdişi formalaşanadək müəllim tərəfindən istifadə olunan ən əsas fəaliyyət növüdür. Müəllimlər dinləyib anlamadan bütün yaş dövrlərində istifadə etsələr də, oxu vərdişi formalaşanadək, yəni ibtidai sinfin müəyyən dövrünədək bu fəaliyyət növü üstünlük təşkil edir.

Məktəbəhazırlıq dövründə şagirdlərin yaş xüsusiyyətlərini nəzərə alaraq dinləyib anlama prosesini daha maraqlı etmək üçün ilkin qaydalar tərtib etmək olar.

Dinləyərkən mən:

a) diqqətimi cəmləşdirirəm;

b) danışmıram;

c) danışan şəxsə baxıram;

d) deyilənləri təsəvvür etməyə çalışıram;

e) anlamadığım söz və ya hissə olduqda sual verirəm.

Uşaqlarda  oxu vərdişi formalaşmadığından bu dövrdə qaydaların hər biri üçün müvafiq təsvir təqdim olunmalıdır. Bundan əlavə, qrupun xüsusiyyətlərini nəzərə alaraq qaydalara dəyişiklik etmək məqsədəuyğundur.

  • “Passiv” oxu zamanı müəllimin nitq sürəti şagirdlərin yaşına uyğun olmalıdır. Əks halda dinləyib anlama prosesi baş tutmayacaqdır və ya qrupun yalnız bir hissəsi materialı anlaya biləcəkdir.
  • Mətnin həcmi və mövzusu dinləyicilərin yaşına  müvafiq seçilməlidir.
  • Mətndə uşaqlar üçün yeni olan sözlərin olması məqsədəuyğundur, lakin naməlum sözlərin sayının çox olması uşaq tərəfindən ümumi materialın anlaşılmamasına səbəb ola bilər.
  • Yeni sözlərin mənası uşaqlara izah edildikdən sonra, həmin sözləri cümlələrdə işlədərək səsləndirmələri faydalı ola bilər.
  • Mətni səsləndirərkən orfoepik qaydalara əməl etmək zəruridir.
  • Material monoton oxunduqda uşaqların mətnə marağı azala bilər. Mövzuya uyğun şəkillərin olması, müəllim tərəfindən obrazların müxtəlif səslərlə təqdimatı, müxtəlif mimikalardan, jestlərdən istifadə və s. mütləqdir və dinləyib anlamanın daha yaxşı formalaşmasına birbaşa təsir edən amildir.
  • Mətn müəyyən hissələrə bölünərək (bölgü mexaniki olmayıb, mətndəki bitkin hissələrə, məzmuna əsaslanmalıdır) hər hissədən sonra müzakirə, sual-cavab aparılmalıdır.
  • Uşaqlarda diqqətin yayınması hallarına daha tez-tez rast gəlindiyindən bu xüsusiyyət nəzərə alınmalıdır. Ehtiyac olduğu halda material yenidən oxunmalıdır.
  • Bəzən uşaqların fərdi xüsusiyyətlərindən irəli gələrək dinləyib anlama vərdişinin ümumi səviyyəsi aşağı ola bilər. Həmin şagirdlərin müzakirələrə qoşulmasına xüsusi diqqət ayırmaq lazımdır.

Dinləyib anlama çox vacib və geniş istifadə edilən ünsiyyət vasitəsidir. Onun təməlinin düzgün qoyulması şəxsin bütün həyatı boyunca dinləyərək doğru anlamasını təmin edir. Bu səbəbdən qeyd olunan qaydalara riayət olunmalıdır. Bununla bağlı Təhsil İşçilərinin Peşəkar İnstitutu tərəfindən müəllimlər üçün hazırlanan "Passiv mütaliə" video rolikini buradan izləyə bilərsiniz.