FAYDALI MATERİALLAR

Emosional intellekti inkişaf etdirən texnikalar

08.07.2019

 Emosional intellektin əhəmiyyəti barədə xeyli yazmışıq. Bu mövzuda hazırlanmış animasiya filmi ilə saytımızda tanış ola bilərsiniz: http://www.tipii.edu.az/az/videos#lg=1&slide=27

İndi isə şagirdlərdə emosional intellekti inkişaf etdirməyə xidmət edən bir neçə texnikanı sizinlə bölüşürük.

1. “Özünə məktub”

Məqsəd: Tapşırığın məqsədi özünə qarşı mərhəmət hissi aşılamaq və davamlı özünügünahlandırma hissindən xilas olmaq, problemlərə həll yolları tapmaq, özünəinam hissi formalaşdırmaq, çətinlikləri görmək, səhvlərindən nəticə çıxarmaqdır.

Oyunun təsviri: Şagird özünün heç sevmədiyi və özündəki ən dözülməz saydığı xüsusiyyətini (və ya böyük saydığı problem(lər)i) tapır və bununla bağlı özünə məktub yazır. Məktubu başqalarına oxumur, bunu sadəcə özü ilə refleksiya aparmaq üçün yazır.

Qayda: 5 dəqiqə ərzində özünə yığcam bir məktub yazmaq.

Vaxt: 5 dəqiqə.

2.Ortaq cəhət”

Məqsəd: Şagirdlərə öz yoldaşlarını daha yaxından tanımaq imkanı yaratmaq, ünsiyyət qurmaq, sosiallaşmaq bacarıqlarını inkişaf etdirmək.

Oyunun təsviri: Parta yoldaşınızla ortaq cəhətlərinizi tapın və bu cəhətlərinizi birlikdə müzakirə edin.

Qayda: 5 dəqiqə ərzində ortaq cəhətləri müzakirə etmək.

Vaxt: 5 dəqiqə.

3. “Gülməli hadisə danış”

Məqsəd: Şagirdlərə özünüifadə, digərləri ilə ünsiyyət qurmaq imkanı vermək və əyləncəli ab-hava yaratmaq.

Oyunun təsviri: Cütlük oyunudur. Hər iki tərəf keçən həftə başına gələn gülməli hadisələri xatırlayır və qarşılıqlı olaraq bir-birinə danışırlar.

Qayda: 5 dəqiqə ərzində 2 gülməli hadisə danışmaq.

Vaxt: 5 dəqiqə.

4. “Emosiyalar”

Məqsəd: Öz hisslərini daha düzgün tanımaq və adlandırmaq bacarığı formalaşdırmaq.

Oyunun təsviri: Oyun fərdidir. 3 dəqiqə ərzində xatırladığınız, mümkün qədər çox emosiya adı yazın.

Qayda: 3 dəqiqə ərzində çoxlu emosiya adları qeyd etmək.

Vaxt: 3 dəqiqə.

5. “Emosiyaların əlaqələndirilməsi”

Məqsəd: Emosiyaların bir-birindən nə dərəcədə asılı olduğunu anlamaq.

Oyunun təsviri: Cütlərlə oyundur. Bundan əvvəlki tapşırıqda qeyd olunan emosiyaları bir-biri ilə əlaqələndirin və onları əlaqələndirmə səbəblərinizi izah edin.

Qayda: 3 dəqiqə ərzində emosiyaları əlaqələndirmək.

Vaxt: 3 dəqiqə.

6. “Gözübağlı oyun”

Məqsəd: Emosiyaları düzgün ifadə etmək və anlamaq bacarığı formalaşdırmaq.

Oyunun təsviri: Cütlərlə oyundur. Cütlərdən biri gözünü yumur, digəri isə müəllimin  göstərdiyi emosiyanı toxunma yolu ilə partnyoruna çatdırır. Qarşı tərəf hərəkətlə ifadə olunan bu emosiyaları tapmalıdır.

Qayda: Emosiyaları hərəkətlərlə düzgün ifadə etmək və anlamaq.

Vaxt: 3 dəqiqə.

7. “Təşəkkür oyunu”

Məqsəd: Həyatında baş verən yaxşı hadisələri xatırlamaq və buna səbəb olan insanlara mütəşəkkür olmaq, beləliklə, psixoloji rahatlıq tapmaq. 

Oyunun təsviri: Həyatınızda sizin üçün böyük yaxşılıq etmiş şəxsi xatırlayın və bu insanın hərəkətlərinin sizə necə fayda verdiyini, həyatınızı necə dəyişdirdiyini və bunların sizə nə hiss etdirdiyini izah edin.

Qayda: 3 dəqiqə ərzində yaxşılıq etmiş insanı xatırlamaq, onunla bağlı təəssürat və fikirlərini bölüşmək.

Vaxt: 3 dəqiqə.