FAYDALI MATERİALLAR

Yaradıcı insanın xüsusiyyətləri

26.12.2018

Yaradıcı insanların psixologiyasını tam müəyyənləşdirmək çətindir. Bu cür insanlar adətən qarışıq və ziddiyyətli hərəkətlər edir, rutin işlərdən uzaq olmağa çalışırlar. Uzun illərdir yaradıcılıqla bağlı müxtəlif araşdırmalar aparan Nyu York Universitetinin professoru Skot Barri Koufman bu barədə verdiyi müsahibələrin birində  deyir: “Əslində yaradıcı insanların öz-özünü anlaması belə çətindir. Yaradıcı “mən” yaradıcı olmayan “mən”dən daha qarışıqdır. Onun ən çox gözəçarpan xüsusiyyətləri isə ziddiyyətliliyi və nataraz hərəkətləridir”.

Yaradıcı şəxslərin hamısının tipik xarakteri olmasa da, bu cür insanlarda müəyyən qədər bənzər davranış və xarakterik xüsusiyyətlər müşahidə edilir.

1. Xəyalpərəstdirlər.  

İnsanlar xəyala dalmağı bəzən vaxt itkisi hesab etsələr də, alimlər araşdırmalar əsasında onun çox gərgin zehni fəaliyyət olduğunu sübut ediblər – həmin anda beyin hadisələr arasında əlaqə yaradır. Nevroloqlar həm də xəyal quran beyinlə yaradıcı beyinin eyni mexanizmlə hərəkət etdiyini, eyni zehni prosesdən keçdiyini müəyyən ediblər.

2. Hər şeyi müşahidə edirlər.  

Dünya yaradıcı bir insan üçün məlumat mənbəyidir – o, hər yerdə fürsətləri görür və öz yaradıcılığını artırmaq üçün ona lazım olan məlumatları mənimsəyir. Onlar xüsusən insanlar üzərində müşahidələr aparır və elə ən yaxşı fikirlərini də bu cür inkişaf etdirirlər.

3. Daha çox özlərinə uyğun vaxtlarda iş görürlər.

Bu cür insanlar zehninin nə vaxt daha çox fəallaşdığını bilir və adətən işlərini də həmin saatlara uyğun planlaşdırırlar. Buna görə də böyük sənətkarların əksəriyyəti ya səhər tezdən, ya da gecə saatlarında işlədiklərini qeyd edirlər.

4. Həyatdakı maneələri fürsətə çevirməyi bacarırlar.  

Bu günə qədərki ən gözəl mahnılar, musiqilər, hekayələr ürək ağrıdıcı dərdlərdən və faciələrdən yaranıb. Lakin bu ağrıların ən yaxşı tərəfi odur ki, belə sənət əsərlərinin yaranmasına səbəb olublar. Psixologiyanın “Travmadan sonrakı inkişaf” adlı yeni sahəsi bu prosesi belə açıqlayır: travma münasibətlərdə, mənəviyyat, həyat eşqi, güclü xarakterin formalaşmasında və hamısından vacibi – yaradıcılıqda həlledici rol oynayır.  

Kaufman: “Bir çox insan bu cür travmalardan həqiqəti başqa cür, daha fərqli bir perspektivdə görə bilmək üçün istifadə edir. Belə ki, insan həyatının müəyyən mərhələsində bu cür zərbə aldıqda onun üçün dünyanın etibarlılığı fikri darmadağın olur və bu andan sonra artıq sərhədləri aşaraq hər şeyi yenidən dəyərləndirməyə başlayır. Bu isə yaradıcılığın ən dəstəkləyici faktorlarından biri hesab olunur”.

5. Davamlı olaraq yeni təcrübələrə can atırlar.  

Yaradıcı insanlar yeni təcrübə və fərqli hislər yaşamağı sevirlər. Bu da onlarda məhsuldarlığa və uzaqgörənlik vərdişinin yaranmasına səbəb olur. Yeni təcrübələrə açıq olmaq yaradıcı uğurun ən əsas tamamlayıcısıdır.

6. Uduzmaqdan qorxmurlar.

Yaradıcı uğurun ən əsas şərti təkidedici və çevik (dəyişiklikərə açıq) olmaqdır. Əgər yaradıcı bir şey ortaya qoymaq isəyiriksə, ard-arda gələn uğursuzluqlara məhəl qoymadan yenidən cəhd etmək lazımdır. Yaradıcı insanlar – müəyyən qədər uğur qazanmış insanlar uğursuz cəhdlərinə baxmayaraq davam edənlərdir. “Yaradıcı insanlar uğursuzluqlara düçar olur, həqiqətən yaradıcı insanlar isə çox tez-tez uğursuzluğa düçar olurlar”.

7. Hər şey haqqında mühakimə yürüdürlər.

Yaradıcı insanlarda qarşısıalınmaz bir maraq olur. Onların hətta qocalanda da həyata olan marağı itmir. Bəzən qızğın müzakirələrlə, bəzən isə öz-özü ilə düşüncələrə dalaraq ətraflarındakı dünyanı analiz edir və hər şey barədə “Niyə?” və “Necə?” sualını verirlər. Sual vermək onların xarakterindən irəli gəlir, çünkü hər şeylə maraqlanırlar.  

8. Riskə getməyi sevirlər.  

Yaradıcı işin ən əsas ünsürlərindən biri riskə girməkdir. Çünki yaradıcılıq olmayan bir şeyi yaratmaq deməkdir. Xəyalda canlandırılan bir şeyi bütün dünyaya təqdim etməkdir. Buna görə də bu, utancaq insanların işi deyil. Vaxt itkisi, pul itkisi, etibar itkisi... bütün bunların hamısı baş tutmayan yaradıcılığın əks təsiri ola bilər. Onlar isə həllə aparan yolda risk etməkdən çəkinmirlər.

9. Həyatı özlərini ifadə etmək üçün bir fürsət kimi görürlər.

Nitsşe insan həyatını və dünyanı bir sənət əsəri kimi görməyin vacibliyini vurğulayırdı. Yaradıcı insanlar da dünyanı məhz bu cür görən və gündəlik həyatda davamlı olaraq özlərini ifadə etmək üçün fürsətlər axtaran insanlardır. Elə yaradıcılıq da əslində ehtiyaclarınızın, arzularınızın və “mən”inizin özünəməxsus ifadəsi deməkdir.  

10. Öz arzularının arxasınca gedirlər.   

Yaradıcı insanın özünəməxsus, təbii bir motivasiyası olur – adətən daxildən gələn təbii istəklərinə doğru hərəkət edirlər. Psixoloqlar, hətta çətin vəziyyətin bu cür insanları xüsusilə motivə etdiyini iddia edirlər. Hətta onlar çətin və riskli problemlərlə mübarizə aparmaqdan zövq alırlar. Səhv etsələr belə, özünəinam itmir. Edison kimi düşünərək səhvlərin uğurun açarı olduğu fikrini qəbul edirlər.

11. Bəzən zaman-məkan məfhumunu unudurlar.  

Yaradıcı insanlar yazı yazanda, rəqs edəndə, rəsm çəkəndə, yaxud başqa bir sevdikləri işlə məşğul olanda yaradıcılığın pik həddinə çataraq trans vəziyyətinə (Trans vəziyyəti zövq aldığınız, çox yaxşı bacardığınız, bütün imkanlarınızı səfərbər etdiyiniz işləri görərkən baş verir) keçirlər. Bu vəziyyətdə insan daxildən və xaricdən gələ biləcək bütün təzyiqlərə, diqqətini dağıdacaq hər şeyə qarşı laqeydləşir.

12. Əhatələrinə gözəl şeylər yığırlar.

Yaradıcı insanlar adətən çox zövqlü olurlar. Buna görə də ətraflarının da gözəl olmağını istəyirlər.  

13. Nöqtələri birləşdirməyi bacarırlar.

Onları digərlərindən fərqləndirən xüsusiyyətlərdən biri də başqalarının görə bilmədiyi fürsətləri görmək, birləşdirməyi düşünə bilmədikləri nöqtələri birləşdirmək bacarıqlarıdır. Stiv Cobs bu haqda belə deyirdi: “Yaradıcılıq sadəcə nöqtələri birləşdirə bilməkdir. Onlardan bunu necə bacardıqlarını soruşsanız, cavabını tapa bilməyib, utana da bilərlər. Çünki onlar əslində heç nə etmirlər, sadəcə göz qabağında olan bir şeyi görüblər. Öz həyat təcrübələrini birləşdirib yeni bir şey yaradıblar”. Sintez etməyi bacarırlar, çünki böyük mənzərəni görə bilirlər.

16. Davamlı olaraq bəzi şeyləri dağıdıb, yenidən qurmağı sevirlər.

Fərqli təcrübə yaradıcılıq üçün ən vacib amillərdən biridir. Yaradıcı insanlar nəyisə dağıdıb əvəzində yenisini yaratmağı sevir və həyatı monoton edən, adiləşdirən hər şeydən qaçırlar. Buna görə də onların müxtəlif sahələrdən təcrübələri olur. Onlar təxminən bu cür düşünürlər: “Mövcud olanı qəbul etsən, yaradıcı olmağa ehtiyac qalmaz”.

17. Fərqində olmaq – meditasiya üçün vaxt ayırırlar.

Yaradıcı insanlar təmiz və fokuslanmış beyinin dəyərini bilirlər, çünki elə yaradıcılıq da bundan asılıdır.

18. Şəraitə tez uyğunlaşmağı bacarırlar.

İnsanlarla əməkdaşlıq, uyğunlaşma olmasa, yaradıcılıq da olmayacaq.

19. Qeyri-müəyyənliklərə qarşı tolerantdırlar.

Yaradıcı insanlar eyni anda bir neçə alternativi dəyərləndirir, digər insanların da fikirlərini nəzərə alırlar. Qeyri-müəyyənlik onlar üçün yeni alternativ üçün bir fürsətdir.

20. Araşdırmağı sevirlər.

21. Dünyanı digərlərindən daha fərqli qavrayırlar.

Onların duyğu orqanları bəzi şeyləri daha fərqli qavrayır - fərqli görür, fərqli eşidir və daha fərqli hiss edirlər. Dünyaya başqa pəncərədən baxmaq isə beyinlərini sonsuz imkanlara açmağa şərait yaradır.

22. Ehtimalları görə bilirlər.

Yaradıcı olmayan insanlar mövcud sərhədlər və imkankar daxilində hərəkət etməyi seçirlər. Yaradıcılar isə bütün imkanlarını səfərbər etməyə, limitləri aşmağa çalışırlar.

23. Hadisələrə bir neçə mövqedən baxmağı bacarırlar.

Hadisələrə fərqli mövqelərdən baxıb, müxtəlif nəticələrə gəlməyi bacarırlar. Eyni zamanda olduqca güclü hislərə sahib olan bu insanlar veriləcək cavabları əvvəlcədən təxmin edib, problemləri daha tez duya bilirlər.

24. Yumor hissi yüksək olur.

Yaradıcılıq və yumor paralel anlayışlardır. Yaradıcı olmayan insandan yüksək yumor hissinə malik olmağı gözləmək olmaz.

25. Daxili bir intizam qaydaları var.

Bəzən çox dalğın və dağınıq görünməklərinə baxmayaraq daxili bir nizama sahibdirlər. Buna görə də öz dağınıqlıqları içərisində axtardıqlarını tezliklə tapmağı bacarırlar. Bu cür insanlar yaradıcı olmayan insanların səliqəli və qayda-qanunlu həyatına bəzən qarşı çıxırlar.

26. Qəlibləşmiş fikirlərdən uzaqdırlar.

Mövcud qaydalar və normalardan daha fərqli düşünürlər. Buna görə də olduqları mühitdə bəzən “qəribə, qeyri-adi, əcaib” kimi adlandırılırlar.

27. Açıq fikirlidirlər.

Hər cür ehtimal və cavaba baxmayaraq fikirlərini ifadə etməkdən çəkinmirlər.

28. Azaddırlar.

Kimdənsə asılı olmağı qəbul etmirlər, sözün bütün mənalarında azadlığı sevirlər.

Mənbə: https://onedio.com/haber/ustun-yaraticiliga-sahip-kisilerde-gorulen-18-farkli-davranis-bicimi-351390 

Hazırladı: TİPİİ-nin əməkdaşı Günel Qasımova