FAYDALI MATERİALLAR

"Beynəlxalq Gənclər Günü" münasibətilə YUNESKO-nun baş direktoru xanım Odri Azulayın müraciəti

12.08.2018

“Beynəlxalq Gənclər Günü” münasibətilə YUNESKO-nun baş direktoru xanım Odri Azulayın müraciəti

 12 avqust 2018-ci il 

Bu il Beynəlxalq Gənclər Günü “Gənclər üçün təhlükəsiz yerlər” mövzusuna həsr olunmuşdur. Gənclik fərdi inkişafda həlledici mərhələdir. Bu yaş dövrü insanların yeni üfüqlər axtarışında riskə getdiyi dövrdür; bu, daha çox yaddaqalanlarla qarşılaşma zamanıdır; bu, ilk öhdəliklər vaxtıdır. Bununla yanaşı, gənclik həssas yaş dövrü olduğu üçün bu dövrdə mənfi təcrübələr tez bir zamanda geri çəkilmə, təcridetmə və kənarlaşdırmaya gətirib çıxara bilər.

Harmonik fərdi inkişaf üçün şəraitin, öz potensialını azad şəkildə ifadə etməyə, özgüvən hissini gücləndirməyə imkan verən mühitin yaradılması gənclərin “təhlükəsiz yerlər”lə təmin edilməsi deməkdir.

Geniş mənada bu yerlər gənclərin bir-birilə qarşılıqlı əlaqədə olduğu bütün məkanlardır. İlk növbədə, məktəb, kollec və universitet kimi öyrənmə və təlim müəssisələridir. Bu, həmçinin istirahət və idman görüşləri üçün ayrılmış məkanlardır; gənclərin öz vətəndaş mövqelərini azad ifadə etmələri üçün ictimai və siyasi arenalardır;  digər keyfiyyətli mühiti olan şəhər məkanlarıdır. Son olaraq, gənclərin erkən yaşlardan cəlb olunduğu və xüsusilə fəal olduqları rəqəmsal virtual məkanlar və sosial şəbəkələr də bura daxildir.

Bütün bu məkanlarda inklüziya prinsipini təmin etmək vacibdir: cinsi, mədəni, dil və dini müxtəlifliklərdən asılı olmayaraq söz azadlığına və hər bir şəxsin ləyaqətinə hörmət. Ayrı-seçkiliyi, açıq və ya məkrli təzyiqi və zorakılığı ləğv etmək, lüzumsuz tərbiyə cəhdlərinin qarşısını almaq vacibdir.

Bunu nəzərə alaraq YUNESKO bu il “Gənclər üçün məkanlar” layihəsinə başlamışdır. Bu, müxtəlif coğrafi səviyyələrdə – yerli, milli və regional fəaliyyət göstərən şəbəkələr deməkdir. Təkcə gəncləri deyil, həmçinin siyasətçiləri, tədqiqatçıları, sahibkarları və ideoloji rəhbərləri bir araya gətirməkdir. Məqsəd gəncləri YUNESKO-nun mandatı çərçivəsində (təhsil, mədəniyyət, elm, kommunikasiya və informasiya) proqramların tərtibinə cəlb etmək, onları qərar qəbulu prosesinə, sosial və siyasi həyata daxil etməkdir.

Patti Smit “Yalnız uşaqlar” romanında yazmışdır: “Gənclərin qəlbini onlardan savayı kim bilər ki?” Bu əlamətdar gündə mən vətəndaş cəmiyyətinin nümayəndələrini, siyasətçiləri və sahibkarları gənclərin böyük potensialından istifadə edə biləcək yeni əməkdaşlıq formaları yaratmağa və bütün bunları unikal və perspektivli bir şəkildə ifadə etməyə çağırıram.