FAYDALI MATERİALLAR

1 avqust

01.08.2018

Yazının təşəkkülü

Cəmiyyətdə ünsiyyətə xidmət edən çox vasitələr vardır. Məsələn: musiqi, rəsm və başqa sənət əsərləri insanların düşüncəsinə, davranışına təsir göstərir. Lakin dil insanlar arasında ən zəruri ünsiyyət vasitəsidir.

İnsanlar səsli dillə ancaq səsin çata biləcəyi müəyyən məsafələrdə ünsiyyət saxlaya bilirlər. Səsin eşidilməz olduğu məsafədə dil öz əlaqə yaratmaq imkanını itirir. Bu ən böyük kəşflərdən birini – səslərin işarələrlə ifadəsi yolu olan yazını yaratmağa sövq etdi və bəşəriyyətin ən böyük mədəni nailiyyətlərindən biri olan yazı meydana gəldi.

Yazı – şərti işarələr sistemidir. İlk “yazılı” ünsiyyət əşyalar vasitəsi ilə olub. İnsanlar öz fikirlərinin ifadəsinə uyğun əşyalardan istifadə ediblər. Ona görə də yazının ilk mərhələsi əşyəvi yazı hesab edilir. Zaman keçdikcə şüur inkişaf edir, mədəni səviyyə yüksəlirdi. İnsanlar əşyaların əvəzinə nəzərdə tutulan fikrə uyğun əşyaların şəklini çəkməyə başladı. Ayaqqabı dükanının üzərində ayaqqabı, çörək dükanının qabağında çörək şəkli və s. Bu yazı növü piktoqrafik yazı (şəkli yazı) adlanır. Daha sonra insanlar ideoqrafik yazını (fikri yazı) yaratdılar. İşarələr, simvollar fikri yazının materiallarıdır.

Sonralar yazının ən mükəmməl, ən çevik forması olan fonoqrafik yazı (hərfi yazı) meydana gəldi. Hərfi yazının ilk mərhələsində bir neçə səs bir işarə ilə verilmişdir. Buna sillabik yazı (heca yazısı) deyilir. Qədim misirlilər, assuriyalılar heca yazısından istifadə ediblər.

Səs yazısı isə dildəki danışıq səslərini küll halında əks etdirmək, yazıya almaq zərurətindən əmələ gəlmişdir. Səs yazısına hərfli yazı da demək olar. Çünki burada hər səsə uyğun bir hərfi işarə işlədilir. Əsasən səs hərfə, hərf isə səsə uyğun olur.

Yazı sənətinin təşəkkülü, təkmilləşməsi və inkişaf xüsusiyyətləri ilə bağlı bir sıra anlayışlar vardır ki, bu anlayışlar dilçilik elmində müəyyən terminlərlə ifadə olunur. Həmin anlayışları bilmək müəllim üçün faydalıdır.

Assosiativ işarə – hər hansı əşyanın sözə uyğun və ya sözə bərabər tutulan işarəsi. Məsələn, günəş şəkli həm planetin adı, həm gündüz, həm də gecə-gündüz mənasında başa düşülə bilər.

Avtoqraf – hər bir şəxsin fərdi xətt növü, əl yazısı.

Qrammatologiya – yazı haqqında elmin adıdır. Bu elm hərf ilə danışıq səsi arasındakı münasibəti araşdırır.

Qrafika – həm yazı, həm də rəsm (karandaşla çəkilən şəkillər) mənasındadır.

Qrafem – “hərf” anlayışını ifadə edir; “hərf” termininin sinonimi kimi işlədilir.

İdeoqrafik yazı – bir yaxud bir neçə sözə uyğun rəmzi işarələr sistemidir.

Heroqlif – söz-heca yazı sistemində hərfi işarə kimi istifadə olunan şəkil. Heroqlif termininin sinonimi olaraq ideoqram termini də işlədilir.

Petroqlif – qaya (daş) üzərinə həkk edilmiş ibtidai şəkil yazısına deyilir.

Piktoqrafiya – nitqin məzmununu ifadə edən şəkil yazısına deyilir.

Run yazısı – daş və yaxud ağac üzərində həkk olunmuş (qazılmış) yazıdır. Qədim türk yazılı abidələrinin yazıldığı Orxon-Yenisey əlifbası və ya Avropada qədim german yazısı həmin yazı nümunələrindəndir.

Konsonant yazı – sait tərkibi naməlum olan heca işarələri sistemidir. Bu yazıda istifadə olunan hərflər əsasən samit fonemləri ifadə edir.

Kiril yazısı – qədim slavyan əlifbasına deyilir. Müasir rus əlifbası da kiril yazısına əsaslanır.

Alban yazısı (əlifbası) – Azərbaycanda VII-VIII əsrlərə qədər Albaniya əhalisinin istifadə etdiyi yazı növüdür. Gürcü və erməni əlifbaları öz qrafik səciyyələrinə görə alban əlifbasını xatırladır.

Latın əlifbası – qədim Roma yazıları əsasında təşəkkül tapıb, sabitləşdirilmiş yazı növüdür.

Mexaniki yazı – çap (tipoqrafiya) maşınları ilə yazılan yazıya deyilir.

Kursiv yazısı – yazının nəzərə çarpdırılan sağa əyilmiş şəklidir.

Fonetik yazı – danışıq səslərinin konkret hərflərlə əks etdirilməsidir. Piktoqrafik və ideoqrafik yazılara qarşı duran müasir əlifba sistemidir.

Heca (sillabari) yazısı – qrafik işarənin hecanı verməyə xidmət edən yazı tipidir.

Rebus yazısı – müxtəlif şəkillərlə hərflərin vəhdəti, ardıcıllığı vasitəsilə cümlədəki fikrin ifadə olunmasına deyilir.

Kalliqrafiya – hər hansı əlifbada xəttin növləridir. Bu termin “xəttin gözəlliyi” anlayışını da ifadə edir.

Frazeoqrafiya – yazının elə növüdür ki, bir işarə kontekstdə cümlənin hissəsinə, yaxud cümləyə bərabər olur.

Xarici inkişaf prinsipi – yazının bir formadakı mərhələsindən digər mərhələyə keçid; məsələn, yazının qarışıq şəkil vəziyyətindən üfüqi vəziyyətə doğru dəyişməsi.

Daxili inkişaf prinsipi – yazının bir mərhələdən quruluşca digər mərhələyə keçidi nəzərdə tutulur (məsələn, heca sistemindən hərfi sistemə, əlifbaya keçid).

İnkişafın vahid istiqaməti – yazının qanunauyğun tarixi təşəkkül formasıdır: söz yazısının heca yazısı ilə, heca yazısının hərfi (fonetik) yazı ilə əvəz olunması.

Omofoniya – bir neçə yazı işarəsinin (hərfin) eyni fonemi ifadə etməsidir. Məsələn, ingiliscə too və two sözləri eyni cür (uzun u ilə) tələffüz olunur.

Omoqraf – yazılışca bir-birinə uyğun gələn müxtəlif sözlərdir; məsələn, “gəlin” (isim) və “gəlin” (feil).

Polifoniya – bir yazı işarəsinin dildə bir neçə fonemi ifadə etməsi deməkdir. Məsələn,  əlifbamızdakı  k hərfi “kənd” və “kombayn” sözlərində ayrı-ayrı danışıq səslərini ifadə edir.

Transkripsiya – nitqin (hər bir danışıq səsinin) elmi dilçilik məqsədi ilə xüsusi qrafik vasitələrlə nəzərə çarpdırılmasıdır.

Transfoneliterasiya – hər hansı əlifba ilə yazılmış mətnin başqa əlifbanın köməyi ilə düzgün (dilin hər bir foneminə uyğun) əks etdirilməsidir.

Diakritik işarə hərfin altında və ya üstündə olan və tələffüzü göstərən işarədir.  Mətni düzgün oxuya bilmək və tələffüz qaydalarına düzgün riayət etmək üçün istifadə olunur. Ərəb əlifbasında sözlərin düzgün oxunuşu üçün belə işarələrdən istifadə edilir. Azərbaycan dilçiliyində dialekt sözlərdəki saitlərin qısalığı   [ ᵕ ] işarəsi, uzunluğu [─]   və ya  [ : ], burunda tələffüzü  [ ̴ ] işarəsi ilə nəzərə çarpdırılır. 

Hərəkə – ərəb əlifbasında sait səsləri düzgün oxumaq, yazıda nəzərə çarpdırmaq və samitləri saitlərdən fərqləndirmək üçün istifadə edilən yardımçı işarələr sistemidir.

Diqraf –  iki hərfin birləşməsi və ya birlikdə hər hansı danışıq səsini ifadə etməsidir.

Liqatur – ərəb əlifbasında iki müxtəlif hərfin birlikdə, bütöv bir işarə kimi yazılmasıdır.

Hazırladı: TİPİİ-nin baş mütəxəssisi Aygün Əliyeva