FAYDALI MATERİALLAR

Sosial asılılığın emosional tərəfi

11.07.2018

Ailə sistemi çox hallarda destruktiv əlaqələrdən əziyyət çəkir. İnsanların öz problemləri, tələbatları haqqında danışa bilməmələrinin səbəbləri daxili dünyaları ilə kontaktın azlığı, şəxsi emosiyalarına diqqətsiz yanaşmalarıdır. İnsan hərdən ona görə düşünmədən yaşayır ki, vaxtilə onun emosional sağlam valideyni olmayıb, elə bir valideyni ki, öz uşağını onun daxili dünyası ilə tanış etsin, istəklərini anlamağı öyrətsin.  

Hesab olunur ki, dörd əsas (baza) hiss vardır: qorxu, qəzəb, sevincqəm. Bir çox ailələrdə bu əsas hisslərin ifadə edilməsinə qadağa qoyulur.

Misal üçün, ailədə ən çox qorxu, qəm və sevinc hissləri ifadə edilir, qəzəb hissinə isə qadağa qoyulur. Bəzən eyni zamanda bir neçə əsas hiss qadağan edilir. İstənilən halda daxildə basdırılan hisslərin enerjisi heç yerə çıxmır. Bu cür ailələrdə mütləq hansısa simptom yaranacaq (xəstəlik, asılılıq, travmalar, hətta özunəqəsd). Bu hisslərə qadağa çox vaxt inanca və ya introyektə bağlanır. Qeştalt yanaşmasında introyekt – digər, daha güclü tərəfin (bu, valideyn, sosial qaydalar, din ola bilər) yad mesajıdır. Bu yad mesajlar şəxsi həyat təcrübəsi kimi deyil, doqma olaraq qəbul edilir.

Gəlin, insanın əsas hisslərini boğan bəzi introyektlərlə tanış olaq.

“Qorxma, ürəkli ol"

Əslində bu sözlərin mahiyyətində “Qorxanda özündən imtina et, hisslərindən aralanaraq cəld davran” kimi gizli mesaj var. Yəni biz qəlbimizin qorxan hissəsini qoparıb atmağı öyrənirik.

Prekontakt – əlaqə (kontakt) dövrünün ilk mərhələsidir. İdealda prekontankt həyatda yeniliklərlə ehtiyatla tanış olmağa və öz təhlükəsizliyini formalaşdırmağa xidmət edir. Çoxları üçün rahat prekontakt əlçatmaz bacarıqdır. Belə ki, onlar artıq hiper­kom­pen­sa­si­yaya, yəni məqsədə nail olmaq üçün özlərinə işgəncə verməyə alışdırılıblar. Lakin sonradan istənilən halda şüuraltı qorxu özünü yetirir. İnsan qorxduğunu anlamaya bilər və bu zaman onda narahatlıq hissi yaranır. İnsan qorxu mənbəyini özündə yaranan hallar ilə əlaqələndirməyə bilər və bu səbəbdən onlar naməlum olduqlarına görə insanı daha çox qorxuya salırlar. Əksər hallarda insanda spirtli içki, narkotik vasitələr, depressiya, apatiya yolu ilə bu narahatlıqlardan qaçmaq istəyi yaranır.

Amma əslində qorxu hissində özünü müdafiənin böyük potensialı gizlənir. Əgər qorxunu  qəbulolunmaz və pis hiss kimi tanıtmadan, uşağa qorxu hissini yaşamaq imkanı versək, o zaman uşaq başqalarının şəxsiyyətinə, ümumilikdə həyata intuitiv yanaşmağı öyrənəcək. Və bu zaman daim öz hissləri ilə hesablaşacaq – bu, ona nə dərəcədə rahatdır?

Növbəti introyekt – “Qəzəblənmək olmaz (pisdir, günahdır)”

Əgər bu introyekt ailədə uşaq doğulandan etibarən tədbiq olunsa, onun nəticələri belə ola bilər:

  • uşaq öz qəzəbini müəyyən edə bilmir;
  • zədələr, kəsiklər, qırıqlar, qəzalar və hətta intihar (avtoaqressiya);
  • psixosomatika;
  • mütəmadi olaraq müşayiət edən təhlükəli nasazlıqlar (sosiofobiya, panik hü­cum­lar).

Qəzəb hissini idarə etmək bacarığının üstünlükləri ilk olaraq özünü və öz fikrini ifadə etmə və öz sərhədlərini qoruma bacarıqları, yaxşı özünü qiymətləndirmədir. Sağlam aqressiya başqasının sərhədlərini məhv etmir. İnsanın başqasına əzab vermək, ona ziyan vurmaq kimi motivasiyası olmur. Sadəcə olaraq burada özünü ifadə etmək məqsədi var.

“Əgər sən sevinsən, sonra buna görə əzab çəkməli olacaqsan”

Dini introyektlər: “Sən günahın içində doğulmusan”, “Sən Tanrının qulusan”. Bəzi ailələrdə sevinmək qadağındır, çünki belə hesab edirlər ki, həyatda hər şeyin öz qiyməti var. Belə ailələrdə sevinc hissini yaşamaq bacarığı yoxdur. Uşaqdan nəyə sevindiyini  öyrənməyə cəhd etmirlər və ona dayaq olmağa səy göstərmirlər. Ümumi bayramlar, qonaqlıqlar, çoxlu oyuncaqlar canlı münasibətlərin əvəzləyiciləridir. Gündəlik həyatda öz xeyrini güdmək, tənbeh, qaş-qabaq, ağır abu-hava üstünlük təşkil edir. Sevinc hissinin yaşanmaması həyata olan marağın itirilməsinə gətirib çıxarır. 

Bəs sevinc hissinə yiyələnmək nə verir? Gündəlik həyatda olan hissləri daha parlaq yaşamağa kömək edir: dostlarla səmimi görüşlərdən, yeməkdən, intim münasibətlərdən, küləkdən, günəşdən, sudan zövq almaq və s.

Sevinc hissi şənlik hissindən fərqlənir sevinc hissi sakit və sabitdir.

“Kədərlənmə, hər şey keçib gedir”

Qəm və kədər cəmiyyətdə qəbul olunmur. Bu hisslərin təzahürü ətrafdakıları əsəbiləşdirir və əksər hallarda "Heç narahat olma", "Başqa bir işlə məşğul ol", "Özünə başqasını tap", "Unut", "Gedək, içək" kimi məsləhətlər verirlər.

Kədər – müəyyən işin, layihənin, münasibətlərin bitməsinin əlamətidir (postkontakt). Kədərin yaşanmaması nəticə ilə qarşılaşmağa imkan vermir. Nəticənin olmaması isə sərf edilmiş vaxtın və səylərin qiymətdən düşməsinə gətirib çıxarır. Belə olan halda insan, nəinki öz təcrübəsini, həm də özünü qiymətdən salır. Kədər yoxdursa, şəxsiyyət də yoxdur.

Uşağın kədərlənmək haqqı var. Valideyinləri ilə ayrılığa, reallaşdırılmamış istəklərə və digər səbəblərə görə. Kədəri qəbul edən yetkin adam yeni münasibətlərə atılmadan əvvəlki münasibətləri bitirməyi, yaşanan təcrübəni mənimsəməyi və nəticə çıxartmağı bacarır. Bu ona daha kamil olmaq imkanı yaradır. Bu bacarıq şəxsi dəyərlər və özünə güvən hissi formalaşdırır.

Baza hisslərini boğmaq haqqında misallar göstərir ki, başqalarının həyat prinsiplərini qəbul edərkən biz öz həyatımızı itiririk. Əksər hallarda bu, uşaqlıqda, tənqidi təfəkkürün olmadığı dövrdə baş verir.

Emosional kamilliyin olmaması binanın çatlamış fundamentinə bənzəyir. Bu bina hər an dağıla bilər. Ona görə də bütün səylər aldatma, zorakılıq və manipulyasiya yolu ilə davamsız tikilini qoruyub saxlamağa yönəldirilir. Bu, "Bizdə hər şey yaxşıdır" obrazı yaratmaq üçün lazımdır.

Emosional kamillik isə sağlam münasibətlər yaratmağa kömək edir. O, dolğun yaşamağa imkan verir, özünə və başqasına azadlıq hissi bəxş edir.

Özünüzü və yaxınlarınızı qoruyun.

 

Müəllif: Klinik psixoloq, geştalt-terapevt Marina Semenova

Mənbə: https://psy-practice.com/publications/psikhicheskoe-zdorove/emotsionalnaya-storona-sozavisimosti/