FAYDALI MATERİALLAR

"Zəhərli" valideynlər

12.04.2018

“Zəhərli” valideynlər

          Valideynləri spirtli içkilərdən istifadə edən, uşaqları döyən və ya asosial davranan ailələr adətən uğursuz ailələr adlanır. Lakin psixoloqlar bu anlayışa fərqli məna verirlər. Firavan yaşayan və xoşbəxt görünən hər bir ailəni də uğurlu adlandırmaq olmaz. Hətta ingilis dilində “zəhərli valideynlər” kimi hərfi tərcümə olunan “toxic parents” anlayışı var. Onlar kənardan xoşbəxt görünmələrinə baxmayaraq öz davranışları ilə uşaqların və bir-birilərinin həyatlarını zəhərləyirlər.

            Aşağıdakı əlamətlərə fikir verin və özünüzdən soruşun: “Bəs mən öz davranışımla övladımı “zəhərləmirəm ki?”

       Siz daim uşağın sözünü kəsirsiniz. Uşaq əvvəl eşitdiyiniz bir hekayəni danışır, onun nə demək istədiyini bilirsiniz, onun danışdığı sizin üçün maraqlı deyil və ya sona qədər dinləməyə vaxtınız yoxdur. Məntiqə uyğundur ki, siz onun sözünü kəsirsiniz, çünki bu gün üçün görəcəyiniz işlər çoxdur, gün isə sonsuz deyil. Təəssüf ki, bu məntiqin sevgi ilə heç bir əlaqəsi yoxdur. Ailədə anlaşılmazlıq və haqsızlığın ən əsas səbəblərindən biri keyfiyyətsiz ünsiyyətdir. Valideynlər adətən deyirlər: “Mən axı səni təmin edirəm, təhsilini ödəyirəm, bu, sevginin təzahürü deyilmi?” Uşaqlar isə etiraz edirlər: “Valideynlərimin mənim özümü necə hiss etdiyimi və nə düşündüyümü soruşduqlarını xatırlamıram. Firavan yaşadığımıza baxmayaraq, mən çox tənhayam”.

       Siz düşünürsünüz ki, sevgini qazanmaq lazımdır. Çox sadə fikir: “Heç bir uşaq xahiş etməyib ki, onu siz dünyaya gətirəsiniz”. Heç bir uşaq sevgiyə layiq olduğunu valideynlərinə sübut etməməlidir. Uşaqları yaxşı olduğu üçün sevmək və səhvlərinə görə sevməmək olmaz. “Rübü əla qiymətlərlə bitirməsən, mən səni sevməyəcəm”, “Qonşuluqda yaşayan Maşa həm yaxşı oxuyur, həm də evdə anasına kömək edir”, “Sakit otur, atanı hirsləndirmə”tipli cümlələr bir fikrin müxtəlif formalarıdır: “Səni sadəcə sevmək olmaz. Yalnız bizim gözləntilərimizə cavab versən, biz səni sevəcəyik”. Eyni zamanda uşaq böyüyür və valideynlərin prinsipləri isə dəyişmir. Yalnız cümlələr indi başqa cür səslənir: “Dizayner bir peşə deyil, iqtisadiyyata get”, “Sənin rəfiqələrin ərdədir, sənin də vaxtındır”, “Nə vaxt nəvəmiz olacaq? Hamının artıq nəvəsi var”. Nəticədə, uşaq körpəlikdən qocalana qədər yaxşı davranışa görə ana və ya atasından sevgi dilənir. Və bu zaman ola bilsin ki, özünü çox tənha hiss edir.

       Siz uşağa onun həll edə bilməyəcəyi problemlər barədə danışırsınız. Əlbəttə, xüsusilə məktəb yaşlı uşaqların ailənin cəlb olunduğu işləri bilməyi, bəzi gücü çatan məsələləri həll etməyi və sadə öhdəlikləri yerinə yetirməyi faydalıdır. Burada açar söz – “gücü çatan”dır. Beş yaşlı uşağa işinizdəki çətinlikləri, babasının səhhəti ilə bağlı problemləri, ölkədəki siyasi vəziyyəti, yoxsulluğu və atanın sizinlə yaşamamasının əsl  səbəbini danışmaq lazım deyil. Körpə uşağın hələ acı çəkmək təcrübəsi, mənəvi gücü və sizi dəstəkləmək üçün psixoloji bazası yoxdur. Körpə oğlunuz və ya qızınız üçün siz daim yanında olan, onu qoruya bilən güclü valideyn olaraq qalmalısınız. Uşaq hər hansı əsas məsələləri onun səviyyəsinə uyğun formada təməl təhlükəsizlik hissi pozulmadan anlamalıdır. “Həyatda acı həqiqətlərə öyrəşsin” kimi ifadələr düzgün deyil. Axı siz yeni doğulmuş körpəni marafon yürüşünə göndərmək barədə düşünmürsünüz, elə deyilmi?

        Siz sağlam hüdudları pozursunuz. Uşağın otağına qapını döymədən girmək, onun icazəsi olmadan şəxsi gündəliyini oxumaq və ya sosial şəbəkədə onun yazışmasına nəzər salmaq – bu  cür hərəkətlərə valideynlər təhlükəsizlik adı altında bəraət qazandırırlar. Guya onlar uşağın xeyri üçün hər şeyi bilməlidirlər. Təəssüf ki, bu uşaqlarda körpəlikdən hüdudlar haqqında anlayışın pozulmasına gətirib çıxardır. Onlar artıq yetkinlik yaşına çatdıqda özlərinin və özgələrin istəklərini pis fərqləndirir, utanmadan başqasının şəxsi həyatına müdaxilə edir və kimsə bunu etməsinə icazə vermədikdə inciyirlər. Uşağa doğulduğu andan şəxsiyyət kimi hörmət etmək lazımdır. Qoy onun özünün dolabı olsun, həmin dolaba onun icazəsi olmadan heç kim baxmasın. Qoy özünəməxsus fikirləri olan gündəliyi olsun. Etibarlı münasibəti casusluq etmədən qurun.

      Siz xoşbəxt olmadığınıza görə uşaqları günahlandırırsınız. Siz hesab edə bilərsiniz ki, uşağın doğulmağı sizin karyeranız, sağlamlığınız, gözəlliyiniz və böyük maliyyə xərcləri hesabına olmuşdur. Heç kəs sizə belə düşünmək hüququnu qadağan etmir. Lakin buna görə uşaqları günahlandırmaq olmaz. Təkrar edirik: uşaq dünyaya gəlməsini sizdən xahiş etməyib və sizi xoşbəxt etməyə, gözləntilərinizi doğrultmağa, “bir stəkan su ilə” dayanmağa borclu deyil. Hər kəs öz xoşbəxtliyi üçün özü cavabdehdir.