FAYDALI MATERİALLAR

Sinifdə intizamın qurulması

23.02.2018

Sinifdə intizamın qurulması (həyati situasiyaların öyrənilməsi – “case study”)

      Sinfi idarə etmənin təkmilləşdirilməsi çox vaxt apara bilər. Bəzən uşaqların davranışını dəyişmək istiqamətində axtarış məsələnin həll yolunu çox tez tapır, lakin bunu tətbiq etmək və uşaqların bunu etməyə səy göstərməsini təmin etmək çox uzun vaxt tələb edir. Bəzən elə hallar olur ki, sinif idarə etməsini heç vaxt istədiyiniz səviyyəyə gətirməyəcəyinizi anlayırsınız. Əlbəttə, sinif idarə etməsini daha yaxşı səviyyəyə gətirə bilərsiniz, lakin tam həll etmək çətin məsələdir. Şagirdin nəyə ehtiyac duyduğunu aydınlaşdıra, lakin bunu təmin etməyin sizin imkanlarınız daxilində olmadığını görə bilərsiniz.

      Qəbul etdiyiniz sinif intizam qaydaları və ya qərar nə olursa olsun, hər bir fərd üçün unikal olacaq.  Konkret məsələyə konkret həll təklif edilməyəcək qədər unikal. Aşağıda müxtəlif real hadisələr və onların həlli yolları təqdim olunur.

Sinif intizamı haqqında real hadisələr.    

Tamara - qanqster dəstəsinin üzvü. Bu hadisənin detallarını danışmaqdan çəkinmirəm. Adlar dəyişdirilib, amma hadisənin detalları, mənim davranışlarım tam təsvir olunub. Dərsin ilk günlərində heç kim onun qız və ya oğlan olduğunu ayırd edə bilmirdi.  O, 9 yaşlı qanqster kimi geyinirdi: beysbol papağı, öz ölçülərindən iri palto, uyğunsuz hərəkətlər. Onu tanımaq üçün apardığım bir neçə söhbətdən sonra onun görünüşünün və davranışının sadəcə görüntü üçün olduğunu və daxildən gəlmədiyini anladım və bunun reallığa çevrilməməsi üçün qarşısını almaq qərarına gəldim. Mən ona dəfələrlə “Bu vərdişdən əl çək”, - dedim.

- Tamara, niyə belə qalın səslə danışırsan? Bu vərdişdən əl çək. Sənin öz səsin daha gözəldir.

- Tamara, sən bilirsən ki, məktəbdə papaqla gəzmək olmaz, belə etmə. Papaq sənin gözəl saçlarını gizlədir.

           O, mənim sinfimin hamı üçün açıq və qəbul edən olduğunu və özünə hər hansı bir status qazanmaq məcburiyyətində olmadığını gördükdə, qanqster paltarlarından imtina etdi.

Həlli müddəti: 3 həftə

Ceyk - Özünü uğursuz hesabetmə. Ceyk çox şişman, sinif yoldaşlarından bir yaş böyük və daha hündür idi. Uğursuzluqla üzləşmişdi və tez-tez “Mənim bəxtim gətirmir”, - deyirdi. Hörmətsiz davranırdı və sinifdə verdiyim tapşırıqlara qarşı çıxır, arxada deyinirdi. 

            Onu parta yoldaşından ayırıb, masama yaxın yerdə oturtdum ki, şagirdlərə mane olmasın. Daha sonra onun çəkisi və hündürlüyü faktorundan istifadə edərək ona köməkçim kimi davrandım. Məsələn, onun boyu və ağırlığına uyğun əşyaları daşımaqda mənə yardımçı olmasını xahiş etdim: “Ceyk, yanğın pilləkəninə açılan qapını bağlaya bilərsən? Mən bacarmadım.”, “Ceyk, zəhmət olmasa, yuxarıdakı rəfdən o qabı mənə ver.”

           Bununla o, çəkisinin və boyunun utandırıcı bir şey deyil, əksinə sinif üçün faydalı olduğunu düşünməyə başladı.  Bəzən şagirdlərə kömək etmək əvəzinə onlardan kömək istəmək daha faydalı olur.

           Həmçinin onun riyaziyyat tapşırıqlarının həllinə izah etdiyimdən daha fərqli yanaşmaq kimi bacarığının olduğunu gördüm və bu qabiliyyətini vurğulayaraq ondan riyaziyyatdan çətinlik çəkən şagirdlərə kömək göstərməsini xahiş etdim. Bu məşğuliyyətdən əldə etdiyi biliklər və inam onun və sinif yoldaşlarının riyaziyyat biliklərinin daha da inkişaf etdiyini göstərdi.

           Ceyk tezliklə özünəinamsızlıqdan qurtuldu və artıq öz sinif yoldaşları ilə bir masanı paylaşmağa başladı.

Həlli müddəti: 3 həftə

Brendon - bıçaq, dava və şiddət. Brendon bir il öncə öz şiddət dolu keçmişi ilə gəlmişdi.  Keçmiş müəllimindən sinifdə ən çətin uşaq olduğu barədə məlumat aldım: bıçaqdan istifadə, təcavüz və s. Lakin mənim inandığım bir şey vardı, müəllim şagirdin keçmişinin onun bu gününə mane olmasına yol verməməlidir. Ona görə də biz öz münasibətlərimizə təmiz səhifədən başladıq. Lakin təmiz səhifə o demək deyildi ki, onun keçmişdə etdiyi hərəkətlər davam etməyəcək. Brendon çox ağıllı idi. Sirr verməyən, öz niyyətlərini gizli saxlayacaq qədər ağıllı. O davranışında və məktəb həyatında bu xüsusiyyətləri qoruyub saxlayan uşaqları seçir və onları işdən öz pıçıltıları ilə ayırırdı.

           Mən Brendona gözləntiləri qarşılamaq üçün bir “ada” olması lazım olduğunu dedim. Bir kağıza palma ağacları çəkərək onu Brendonun stolunun üzərinə qoydum və onu öz masamın qarşısında oturtdum. Biz onunla birlikdə bir “Ada” olduq. Günlər keçdikcə Brendonla münasibət qurdum və ona maraqlı olan, uğur əldə edəcəyinə inandığım mövzularda kiçik müzakirələr apardım. Bizim münasibətimiz o həddə çatdı ki, o, mənim üçün hər şey etməyə hazır idi və hətta mənim çox tələbkar olduğumu iddia edənlərdən məni müdafiə etməyə başladı. O, belə şagirdlərə etiraz edərək qeyd edirdi: “Əgər tapşırıqları vaxtlı-vaxtında yerinə yetirsəniz, o sizə qarşı nisbətən mülayim olar”.

           O bir neçə həftə mənim masamın yanında oturmağa üstünlük verdi, çünki bu onu uğura aparmışdı. Zamanı gəldiyində sinif yoldaşları ilə bir masanı paylaşmağın lazım olduğunu dedim və parta yoldaşını özünün seçməsini istədim. Bununla da o, birlikdə çalışa biləcəyi şagirdləri seçmə imkanı əldə etdi.

           Onun intizamla bağlı mənfi xüsusiyyətləri çox idi və buna görə də mən onun bütün sinfə inteqrasiya olması üçün tez-tez parta dəyişikliyi edir, bu məsələni başqalarının inkişafına mane olmayacaq şəkildə həll etməyə çalışırdım.

Həlli müddəti: 6 həftə

Rolando - qəzəbli və təcavüzkar. Rolando qəlbiqırıq kiçik bir oğlan idi. O, stulu atmaq, masaları itələmək kimi əsəbi və təcavüzkar davranışlar sərgiləyirdi, daha sonra isə bir masanın altına girir və atası gələnə qədər oradan çıxmırdı. O, uzun müddət Arizonada bacısı və anası ilə evsiz qalmışdı. Daha sonra isə atası gəlib onları bizim ştata gətirmişdi. Anası psixi xəstə idi. Atası isə onun tərbiyəsində mənə çox kömək göstərirdi.

           Rolando dərslərdə çox ağıllı və bacarıqlı idi. Onun tək ehtiyacı güvənə biləcəyi bir insan və digər şagirdlərlə necə ünsiyyətə girmək barədə məsləhətlər idi. Çətin anlarda ona seçim şansı verməklə kömək etməyə çalışdım. Məsələn: “Sənin iki seçimin var: Sən masanın altında və ya sinifdə stulda oturaraq atanın gəlməsini gözləyə bilərsən.” Tədricən seçimlər inkişaf etdi.

           Rolando zaman keçdikcə mənimlə potensial problemləri bölüşməyə başladı. Bu proses ərzində mən hər dəfə ona kömək etmək istədiyimi və onun qayğısına qaldığımı söylədim. O, mənə inanmağa başladı və əsəb partlaması yaşadığında mənim məsləhətimə ehtiyacı olduğunu nümayiş etdirdi. Artıq krizis zamanında ona yalnız bu sualı ünvanlayırdım: “Bir az zamana ehtiyacın varmı?” Bu sualla artıq o gəzmək, söhbət etmək və ya sadəcə dərindən nəfəs alaraq sakitləşmək kimi seçimlərinin olduğunu bilirdi.  Fevrala qədər o ozünü idarə etməyi öyrəndi. Daha sonra isə dərslərində uğur qazanmağa başladı.

Həlletmə zamanı: 5 ay

Teylor – başqa şagirdlərə mane olma. Diqqət dağınıqlığı və hiperaktivlik diaqnozu təyin olunan bir şagird dərs zamanı davamlı öz partasında oturmur, tapşırıqları yerinə yetirmir və 90% hallarda sinif yoldaşlarının da diqqətini yayındırır.

           Bir neçə gün onu izlədim və gündə bəlkə  əlli dəfə ona göstəriş verdiyimi gördüm. Bu göstərişlər olmadan Teylor heç bir dərsdə çalışmırdı. Bütün gün ərzində mənim masama yaxın əyləşib, yalnız göstərişlərim əsasında hərəkət edirdi, yəni müstəqil öyrənmə bacarığı yox idi. Lakin mən bunu davam etdirə bilməzdim, çünki bütün diqqətimi bir şagirdə yönəldərək digərlərini diqqətdən kənarda saxlamaq məntiqə uyğun deyildi.

           Mən onu ayrı otuzdurdum ki, şagirdlərin diqqətini tapşırıqdan yayındırmasın. Həftədə bir dəfə könüllü riyaziyyat tyutorundan onunla məşğul olmağı xahiş etdim. Həmçinin hiperaktiv və diqqət yayınıqlığı olan uşaqlar üçün bütün bildiyim metodlardan istifadə etdim:

- texnologiyadan istifadə (laptop və ağıllı lövhə);

- qısa təlimatlar.

           Nəticədə mən Teyloru yenə də təhsilə cəlb edə bilmədim. Mənim Teyloru sinif səviyyəsinə qaldırmaq üçün olan səylərim nəticəsiz qaldı və mən fərdi təhsil proqramı üçün rəhbərliyə müraciət etdim. İlin sonunda mənim metodlarımla yanaşı o, Xüsusi Təhsil otağında tamamlayıcı təlimatlar da alırdı. Mən ona öz sinif yoldaşları ilə birgə təhsil üçün şans verir, lakin 30 dəqiqə içində təkrarlanan 3 xəbərdarlıqdan sonra başqa şagirdlərin öyrənməsinə mane olmaması üçün ayırmaq məcburiyyətində qalırdım.

           Bu məsələni tam həll olmuş hesab etmirəm. Bəzən çox cəhdlər edilir, lakin tam həll etmək olmur.

           Çətin hadisələrdən öyrəndiyim dərslər isə bu oldu:

1. Ya 1 ay içində sinfi səmərəli idarəetməyə nail olacaqsınız, ya da bu uzun çəkəcək.

            Bu fakt növbəti məsələni qaldırır:

2. Mən heç bir zaman hər hansı uşağın dərsə tabe olması prosesi zamanı təslim olmuram.

           Təslim olmamaq üçün başqa bir səbəb: fiziki və zehni yetkinlik cəhətdən bir dərs ili ərzində çox dəyişən və sürətlə inkişaf edən uşaqlarla işlədiyinizi düşünün. Sinif müdaxilələri və tətbiq etdiyiniz yanaşmalar vəziyyətə minimal təsir etsələr də, buna davam edin - bəzən uşağın öz artımı onu cəhdlərinizin daha təsirli olduğu bir vəziyyətə gətirib çıxaracaq, hətta bu cəhdlərdə heç bir dəyişiklik olmasa belə.

           Uşağın ailə və sosial mühiti də dəyişə bilər və bu da şagirdlərin davam edən sinif nizam-intizamına reaksiyasını dəyişdirə bilər.

3. Partanın yeri önəmlidir.

           Problemli şagirdləri digər şagirdlərdən ayırırsınızsa, onu sizin təsir dairənizə daha yaxın yerə gətirməlisiniz ki, müəllim-şagird münasibətləri qura biləsiniz. Bu üsul bir cəza üsulu olaraq tətbiq edilməməlidir.

4. Seçim imkanı vermək çox önəmlidir.

           Doğrudur ki, seçimlər çox vaxt o qədər də fərqli olmur. Seçimlərin qeyri-seçici xarakterinə baxmayaraq, onlar şagirddə öz taleyini həll etmək məsuliyyəti yaradır və tədricən edəcəyi hərəkətlər barədə qərarlar verməyi öyrədir.

5.  Valideynlər və məktəb icması sinif intizamının qurulmasında çox önəmli rol oynayır.

           Əgər şagirdin hər hansı xəstəlik diaqnozu varsa, bu zaman müvəffəqiyyət qazanmaq üçün valideynlərlə birgə əməkdaşlıq etmək lazımdır. Bəzən valideynlərin köməyi olmadan çətin davranışların öhdəsindən gəlmək mümkünsüzdür. Məktəb icmasını prosesə cəlb etmək önəmlidir. Çətin intizam problemləri ilə qarşılaşdıqda məktəb icmasını bu barədə məlumatlandırmaq lazımdır. Şagirdlər də məlumatlandırılmalıdır, çünki siz davamlı sinif intizamından danışdıqda onlar artıq nəyinsə yolunda getmədiyini, kiminsə bu intizama uymadığını anlayırlar.

6. Heç vaxt şagirdi satmayın.

           Heç zaman şagirdlərə qarşı sinif yoldaşlarının yanında onları günahlandıracaq sözlər işlətməyin. Onlar hələ həyatı yeni öyrənirlər və addım atarkən təbii ki, səhvlərə yol verəcəklər. Buna görə də onlara əmr şəklində göstəriş verməyin. Məsələn, “Uşaqlar, bu sinif yoldaşınız dərsə adaptasiya olmaqda çətinlik çəkir və dərsi pozur, ona görə də onu mənim stoluma yaxın otuzdurdacam ki, tapşırıqları yerinə yetirməsinə  və sizlərə mane olmamasına nəzarət edim” əvəzinə, “Əgər yadınızdadırsa, insanlar öz saç rənglərini və ya eynəyə olan ehtiyaclarını özləri idarə edə bilmir, demişdik. Eynilə bunun kimi bəzən insanlar öz hərəkətlərini də idarə edə bilmirlər və müəllim kimi sizə düzgün yol göstərmək mənim borcumdur. Buna görə də mən Ceymslə bir az daha çox maraqlanacam ki, ona düzgün davranış qaydasını öyrətməkdə kömək olum”, - demək lazımdır.

           Beləliklə, sinif kiçik bir cəmiyyət modelidir. Bu cəmiyyətdə fəallar və passivlər;  təşəbbüs və yaradıcılıq həvəsi ilə alışıb-yananlar və olduqca həvəssizlər; sağlamlar və zəif inkişaf etmişlər; nəzakətlilər və kobudlar var. Və siz hər addımınızda özünüzə hesabat verməlisiniz: ”Doğrudanmı mən bu kiçik cəmiyyəti idarə edə biləcək insanam?! Məndə olan şəxsi keyfiyyətlər və mənəvi potensial buna imkan verirmi?!” Əgər suallarınızın cavabı müsbətdirsə, sizə UĞURLAR.

 

Mənbə:

https://classroomcaboodle.com/teacher-resource/classroom-discipline-case-studies/

Müəllif: Betsi Veycl