FAYDALI MATERİALLAR

Sinif saatlarının təşkili metodikası

15.02.2018

Sinif saatlarının təşkili metodikası

Sinif yığıncaqları bütün problemlərin həlli olmasa da, onlar dinləmə, öz növbəsini gözləmə, müxtəlif fikirləri qəbul etmə, danışıqlar aparma, ünsiyyət qurma, bir-birinə yardım etmə və öz davranışlarına görə məsuliyyət daşıma kimi sosial bacarıqların əhəmiyyətli dərəcədə inkişaf etməsinə səbəb olur.  Bu prosesdə akademik bacarıqlar da möhkəmlənir, çünki şagirdlər akademik performansı artıran dil bacarıqları, diqqətlilik, tənqidi düşüncə, qərar qəbul etmə və problemləri həll etmə kimi bacarıqları inkişaf etdirməlidir.

Sinif yığıncaqları həm də  şagirdlərə nümayiş etdirir ki, müəllimlər və digər yetkin insanların da onlar qədər dəstək və köməyə ehtiyacları vardır.  Sinif yığıncaqlarında müəllimlər özlərini şagirdlərin yaxın tərəfdaşı kimi apardığı zaman qarşılıqlı hörmət mühiti formalaşır. Müəllim və şagirdlər bir-birini dinləyir, bir-birlərinin fikirlərini ciddi qəbul edir və problemlərin hər kəsin xeyrinə həll edilməsi üçün birlikdə çalışır. Beləliklə, əksər siniflərdə müşahidə olunan ziddiyyətlər getdikcə aradan qalxır.

Sinif yığıncaqları şagirdlərin həyatda uğur qazanmasına səbəb olan üç bacarığın inkişaf etdirilməsinə kömək edir:

l. Fərdi bacarıqların qavranması. (“Mən bacararam”, “Mən bunu edə bilərəm”)

2. İlkin münasibətlərin əhəmiyyətinin qavranması. (“Mənə ehtiyac var”, “Mən bu sinfin bir hissəsiyəm”)

3. Şəxsin öz həyatına təsir edə biləcək daxili gücünün qavranması. (“Mən baş verən hadisələrə verdiyim  reaksiyalara nəzarət edə bilirəm”)

Şagirdlər böyüklərə deyil, daha çox bir-birinin fikirlərinə qulaq asırlar. Onlar sinif yoldaşlarının fikirlərini eşitməklə öz şəxsi emosiyaları və davranışları barədə düşünməyə başlayırlar. Qeyri-təhdidedici mühitdə gənclər öz hərəkətlərinə cavabdeh olmaq istəyir. Onlar öz hisslərini əməllərindən ayırd etməyi öyrənir, yəni ki, onların hiss etdikləri (məsələn, qəzəb) - əməllərdən (kimisə vurmaq) fərqlidir və hisslər hər zaman məqbul olsa da, bəzi əməllər haqqında bunu demək olmaz.   Sinif yığıncaqları şagirdlərə dialoq, paylaşmaq, dinləmək, rəğbət bəsləmək, əməkdaşlıq, danışıqlar aparmaq, münaqişələri həll etmək aşılayır. Müəllimlər bu prosesə müdaxilə etmək əvəzinə, sinif yığıncağında hər kəsin problemin həllinə cəlb olunmasına şərait yaratmalıdır.

Şagirdlər vəziyyəti qiymətləndirmək və düzgün qərarlar vermək üçün imkan və şərait olduqca öz məntiqi (mühakimə) bacarıqlarını inkişaf etdirirlər. Burada şagirdlər özlərini səhvlər etmək, öyrənmək və yenidən cəhd etmək üçün daha sərbəst mühitdə hiss edirlər.

Nelsen, Lot və Qlen mümkün qədər tez-tez şagirdlərin sinif yığıncaqlarına cəlb edilməsini müəllimlərə məsləhət görür.  Burada şagirdlər daha rahat şəraitdə səhvlər edə, bu səhvlərə görə məsuliyyət daşıya və səhvlərinə görə mühakimə olunmadan  nəticə çıxara bilər.  Bu onlara başqalarını günahlandırmaq kimi qurban mövqeyindən uzaqlaşmaq (“Müəllim mənə qarşı çıxır”) və şəxsi məsuliyyəti öz üzərinə alaraq cavabdehlik mövqeyini qəbul etməkdə (“Mən 2 aldım, çünki dərsə hazırlaşmamışdım”)  kömək edir. Onlar hətta baş verən hadisələrə nəzarət edə bilmədikləri zaman öz reaksiyalarını və bunun nəticəsi olan davranışlarını idarə etməyi  öyrənirlər.  

            Müəllim şagirdlərinin qayğılarına qaldıqlarını nümayiş etdirmək üçün bir sıra üsullardan istifadə edə bilər, məsələn:

Dəstəkləyici səs tonundan istifadə etmək;

Şagirdlərə qulaq asmaq və onları ciddi şəkildə qəbul etmək;

İşindən zövq aldıqlarını nümayiş etdirmək;

Fərdi şagirdlərin unikallığını dəyərləndirmək;

Müsbət münasibət nümayiş etdirmək;

Yumor hissi nümayiş etdirmək;

Şagirdlərin dünyaya baxışları ilə maraqlandığını nümayiş etdirmək;

Şagirdləri sinif və sinifdənkənar fəaliyyətlərin təşkili işinə cəlb etmək;

Şagirdlərin işi və davranışında inkişafı diqqətdə saxlamaq.

 

Səmərəli sinif iclaslarının səkkiz tərkib hissəsi

Gördüyünüz kimi  sinif iclasları  məktəbdə müsbət nizam-intizamın yaradılması üçün lazım olan əməkdaşlıq, dəstək və qayğının ilkin məkanıdır.  Nelsen, Lot və Qlen sinif iclasında müəllim və şagirdlər tərəfindən arzu olunan mühitin yaradılması üçün səkkiz hissə təqdim etmişlər.  Hər bir hissə ayrı xüsusiyyət üzrə tərtib edilir. Şagirdlərə bu blokları təqdim etmək üçün iki saat vaxt tələb olunur.

 

İlkin baxış

Səkkiz hissəni təqdim etməzdən əvvəl sinif iclaslarının kontekstini təqdim edin. Sinif iclaslarında öz qayğı və problemlərini ifadə etmək, qərar qəbul etmək və s. üçün şagirdlərə şərait yaradın. İbtidai sinif şagirdləri sinif iclaslarına orta sinif şagirdlərindən daha çox can atırlar, yuxarı sinif şagirdləri isə bu iclaslarda iştirak etmək üçün əsaslı səbəb tələb edirlər.

Əvvəl şagirdlərə bu  sualları verin:

- Kimsə sizi idarə etmək istədiyi zaman nə hiss edirsiniz?

- Bu zaman nə edirsiniz?

- Bu vəziyyətdən nə öyrənirsiniz?

Şagirdlər əsəbləşdiklərini, qorxduqlarını, özlərini gücsüz hiss etdiklərini və s.  deyəcəklər. Onlardan etiraz edərkən, tabe olarkən və yaxud imtina edərkən nə öyrəndiklərini soruşun. Həmçinin onlardan müəllimləri də daxil olmaqla başqalarını necə idarə etməyə və ya manipulyasiya etməyə çalışdıqlarını soruşun.

Növbəti suallar:

-Sizin  həyatınıza təsir edəcək qərarların alınmasına daha yaxından cəlb olunmaq istərdinizmi?

-Sizin istədiyiniz həll yollarını tapmaq üçün tələb olunan işləri görməyə hazısınızmı?  (Qeyd edin ki, bəzi şagirdlər məsuliyyəti təkbaşına daşımaq istəmədikləri üçün onları idarə edəcək bir rəhbərin olmasına üstünlük verirlər.) 

Sinif görüşlərinin səmərəli istifadəsi üçün hər kəsdən vaxt və şəxsi məsuliyyət tələb olunur. Nəticə etibarı ilə şagirdlər sinif iclaslarının keçirilməsinə dəstək nümayiş etdirərsə, iclasların nə zaman təşkil olunacağı barədə qərar qəbul edin. Yarım saatlıq iclaslardan başlamaq məsləhət görülür. Şagirdlər iclasın səkkiz hissəsini öyrənənədək  iclasların tez-tez keçirilməsi lazım gələcək.

 

Hissə 1. Dairənin qurulması

Sinif iclaslarının təşkili prosesində ilk addım hər bir kəsin bərabər söz hüququna malik olduğu, fikrinin dinlənildiyi və qarşılıqlı-sərfəli qərarların yer aldığı şəraitin yaradılmasıdır. Dairəvi oturma qaydası ən məqbul üsuldur. Şagirdlərdən dairənin qurulması, onların dinlənilməsi və fikirlərin yazı lövhəsində qeyd olunması üzrə təkliflərini alın. Təkliflərə əsasən qərar qəbul edin.

 

Hissə 2. Tərif və dəyərləndirmələr

Sinif iclasına müsbət yöndə, məsələn, şagirdləri hər hansı uğurlarına, yaxşı  işlərinə görə tərifləməklə başlamaq vacibdir. Bir çox şagirdlər ilk vaxtlarda təriflərin qəbul edilməsində və digər şəxsləri tərifləməkdə çətinlik çəkirlər. Bu yerdə təcrübə köməyə gəlir. Onları tərifləyərkən özlərini yaxşı hiss etdikləri anları xatırlamağı xahiş edin. Daha sonra nümunələrini qrup ilə paylaşmağı onlardan rica edin. Onlara digərlərinə təşəkkür edəcəkləri bir vəziyyəti yada salmağı təklif edin, məsələn sinif yoldaşına verdiyi qələmə görə və yaxud birgə nahar etdiklərinə görə təşəkkür etmək. Şagirdlərin fikirlərini söz ilə ifadə etmək tərzlərinə fikir verin. Tərifin qəbul edilməsi kimi ifadə edilməsi də çətindir. Tərifə ən yaxşı cavab isə “Çox sağ ol” deməkdir.  Tərifin qəbul edilməsi və ifadə edilməsi bəzi yuxarı sinif şagirdlərini utandırır.  Bu zaman “tərif” əvəzinə “dəyərləndirmə” sözündən istifadə edin.

 

Hissə 3. Gündəliyin tərtib edilməsi

Bütün sinif iclasları xüsusi gündəlik üzrə aparılmalıdır Şagirdlər onları narahat edən məsələləri qeyd edib müəllimə verirlər. Növbəti sinif saatında müzakirəyə çıxarılacaq məsələlərin siyahısını müəllim şagirdlərin təklifləri əsasında tərtib edir. Sinif iclaslarını həmin gündəlikdəki məsələlər ətrafında aparmaq, həm də şagirdlərdə planlaşdırma vərdişləri yaratmağa kömək edəcəkdir.

 

Hissə 4. Ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi

Nelsen, Lot və Qlen ünsiyyət bacarıqlarının inkişaf etdirilməsi üçün aşağıdakıları  təklif edirlər:

- sözü növbə ilə ötürmək (dairə boyu sözün ötürülməsi);

- digərlərinə diqqətlə qulaq asmaq;

- “mən” şəxs əvəzliyi ilə başlayan ifadələrdən istifadə etmək (Mən düşünürəm, Mən hiss edirəm və s.);

- digərlərini ittiham etmək əvəzinə vəziyyətdən çıxış yolu axtarmaq;

- digərləri haqqında alçaldıcı ifadələr işlətməmək;

- fərqli fikirlərə hörmətlə yanaşmaq;

- problemlər üzrə qarşılıqlı mənfəətli həll yolları axtarmaq;

- “Biz qərara gəldik” ifadəsi ilə işi sona çatdırmaq.

 

Hissə 5.  Digər həqiqətlər haqqında biliklərin əldə edilməsi

Bu hissədə müəllimlər şagirdləri hər kəsin eyni olmadığı və  eyni düşüncə tərzinə malik olmadıqları fikrinə istiqamətləndirir. Nelsen, Lot və Qlen tısbağa, şir, qartal və buqələmunun iştirak etdiyi problemli vəziyyətləri təsvir edir. Şagirdlər hər bir heyvanın bu problemli vəziyyətdə necə reaksiya verəcəyi, özlərini necə hiss edəcəkləri və vəziyyətdən necə çıxacaqları barədə öz fikirlərini söyləyirlər. Bu nümunə şagirdlərə hər bir insanın müxtəlif vəziyyətlərə müxtəlif cür reaksiya verəcəyi, özlərini fərqli hiss edəcəkləri və vəziyyətdən fərqli çıxacaqları haqqında məlumat əldə etməyə yardım edəcək.

 

Hissə 6.  İnsanın etdiyi hərəkətin səbəbləri barədə düşünmək

Şagirdlərdən soruşun:

  • Siz hansısa insanın etdiyi hərəkətin səbəbi ilə heç maraqlanmısınızmı? Onların fikirlərini dinləyin və qəbul edin. Daha sonra onlara yanlış davranışın 4 səhv məqsədi barədə məlumat verin: həddən artıq diqqət çəkmək arzusu, güc nümayiş etdirmək istəyi, intiqam hissi və işi yarımçıq qoymaq cəhdi. Bunlardan istənilən biri və ya bir neçəsi yanlış hərəkətin səbəbi ola bilər.

 

Hissə 7. Rollar və düşüncə tərzi

Adətən üçüncü sinif iclasından sonra şagirdlər problemləri anlayır və onlardan çıxış yolu axtarırlar. Problemlərin düşünülmüş şəkildə həll edilməsi üçün bir sıra taktikalar  mövcuddur:

1. problemli situasiyanın əsas elementlərinin müzakirə edilməsi;

2. şagirdlərin problem üzrə rolları ifa etməsi;

3. çətin və problemli vəziyyətlər üzrə bir neçə çıxış yolu müəyyən etmək;

4. daha münasib çıxış yolunun seçilməsində şagirdlərə müstəqillik vermək.

 

Hissə 8. Diqqətin qeyri-cəza həll yollarına yönəldilməsi

Şagirdlərə növbəti sual ilə müraciət edin və onların cavablarını lövhədə qeyd edin:

1. Sizi kimsə idarə edəndə hansı hissləri keçirirsiniz? Nə etmək istəyirsiniz? 

2. Hər hansı bir şəxs sizə adınız ilə müraciət edəndə və ya təhqir edəndə nə etmək istəyirsiniz? Digərləri sizə qarşı bu cür yanaşdıqda özünüzü daha yaxşı aparmaq istəyirsinizmi?

 Sonra şagirdlərdən onlara qarşı nəzakətli davrandıqda, yardım etdikdə və ya onları həvəsləndirdikdə və cəsarət verdikdə davranışlarında olan fərqi soruşun. Onlara yazı lövhəsində qeyd etdiyiniz cavablarını müqayisə etməyə şərait yaradın. Cəza ilə həvəsləndirmənin dəyərinə diqqətin cəmləndirilməsi üçün  müqayisə üsulundan istifadə edin.

Şagirdlərə onları cəzalandırmaq və ya alçaltmaq niyyətində olmadığınız və hər hansı yalnış hərəkət etdikdə daha düzgün davranmağa yardım edəcəyinizi deyin. Verilən cəzanın  onların şəxsiyyəti ilə deyil, yanlış davranışları ilə bağlı olduğunu və ədalətli olduğunuzu bildirin.  Nelsen, Lot və Qlen   cəzanın uyğun, insan şəxsiyyətinə hörmətlə və məqbul formada verilməsini təklif edirlər: Məsələn, şagirdin ev tapşırığını yerinə yetirməməsi onu məktəb direktorunun yanına göndərməyə əsas deyil.  Burda uyğun cəza şagirdi ev tapşırığını həll etməyə yönəltmək və ya həmin tapşırıq üçün qiymət yazmamaq ola bilər. Hörmətlə yanaşma problemin həlli əsnasında şagird şəxsiyyətinə ehtiramla və diqqətlə yanaşmaqdır. “Ev tapşırığını evdə, yoxsa elə indi, məktəbdə yerinə yetirmək istəyirsən?” Məqbul yanaşma isə “Sən yerinə yetirməli olduğundan iki dəfə artıq tapşırıq yerinə yetirməlisən.” kimi olmamalıdır.

 

Sinif iclasının standart forması

1. Tərif və dəyərləndirmələri ifadə edin. Hər bir sessiya müsbət istiqamətin təmin edilməsi üçün bu üsulla başlayır.

2.Problemlərin həllinə yönəlmiş öncəki tədbirləri izləyin. Hər bir təklif olunan həll yolu bir həftə tətbiq edilməlidir. Heç bir nəticə əldə olunmadığı halda sinfin razılığına əsasən məsələ yenidən gələcək gündəliyə daxil edilir.

3. Gündəliyin müddəalarını nəzərdən keçirin. Gündəliyin müddəasını səsləndirin və şəxsdən soruşun: o hələ də problemlə bağlı köməyə ehtiyac duyurmu? Əgər cavab “Bəli”dirsə,  şagirddən hansı həll yolunun onun üçün qənaətbəxş olduğunu soruşun. Həmin şəxs cavab verə bilmədiyi təqdirdə, dairə üzrə hər kəsə öz təkliflərini irəli sürmək imkanı verin. Şagirdə ən müvafiq hesab etdiyi həll yolunu seçməyi təklif edin.

4.Gələcək sinif fəaliyyətləri üçün planlar qurun.  Növbəti dəfə keçiriləcək əyləncəli fəaliyyəti müzakirə etməklə sinif iclasını başa çatdırın. Məsələn, sinif cümə günü müəyyən vaxt təyin edərək növbəti iclasda  videofilm izləyə, gəzintiyə gedə bilər və s.

 

Yaxşı sinif iclaslarının xüsusiyyətləri

Aşağıdakı təsvir Ceyn Nelsen tərəfindən təqdim olunmuşdur (dekabr, 2002-ci il)

  1. Şagirdlər və müəllim eyni qaydada dairəvi formada əyləşirlər (başqa sözlə, şagirdlər oturubsa, müəllim də oturmalıdır).
  2. Şagirdlər iclası idarə edirlər.
  3. İclası idarə edən şagird iclasa təriflə başlayır və sözü dairə boyu ötürməklə (məsələn, mikrofon rolunu oynayacaq çubuq vasitəsilə) hər bir şagirdə tərif eşitmək və ya digər şagirdi tərifləmək imkanı yaradır.
  4. Tərif qəbul edən şəxs isə öz növbəsində “Çox sağ ol” deyir.
  5. İclası idarə edən müəllim və ya şagird gündəlikdə müzakirə edilmiş məsələni təqdim edir.
  6. Gündəlikdə olan məsələ təqdim edildikdən sonra həmin məsələni gündəliyə daxil edən şagird: (a) digərləri ilə öz hisslərini bölüşə bilər; (b) müzakirəyə başlaya bilər; (c) problemin həll olunması üçün yardım xahiş edə bilər.
  7. Əgər şagird müzakirəyə başlayır və ya problemin həll olunması üçün yardım xahiş edirsə, dairədə əyləşmiş digər şagirdlərə söz verilir. (Qısa şərhlər qəbul olunur.)
  8. Müəllim şagirdlərin təkliflərinə şərh verməkdən çəkinməlidir (şagirdin təklif verməsini istiqamətləndirmək məqsədilə verilən şərh istisnadır. Məsələn, müəllim belə bir şərh verə bilər. “Sən bu fikri necə təklifə çevirə bilərsən?”). Müəllim yalnız ona söz verildikdə məsələ ilə bağlı öz şərhini bildirir.
  9. Hər bir təklif dəftərdə və ya lövhədə qeyd olunur.
  10. Bir çox hallarda müzakirə olunan məsələ üzrə təqdim olunmamış təkliflərin əldə edilməsi məqsədilə dairə üzrə yenidən fikirlər söylənilir. (Bu çox vaxt tələb etmir).
  11. Məsələ bütün sinfə aid olduğu zaman ümumi səsverməyə çıxarılır. Digər təqdirdə məsələni müzakirəyə çıxaran şagird ən münasib hesab etdiyi təklifi qəbul edir.

 

Sinif iclaslarını səmərəsiz edən 6 səbəb

Aşağıdakı təsvir  Ceyn Nelsen tərəfindən təqdim olunmuşdur (dekabr, 2002-ci il)

 

  1. Dairənin qurulmaması.
  2. Görüşlərin müntəzəm  keçirilməməsi.
  3. Müəllimin şagirdlərin fikirlərinə senzura tətbiq etməsi.
  4. Şagirdlərə problemlərin həll olunması üzrə qeyri-cəza yollarının öyrənilməsinə şərait yaradılmaması.
  5. Şagirdlərin qabiliyyətlərinə inam nümayiş etdirmək əvəzinə onlarla amiranə danışıq forması.
  6. Dairə boyu şagirdlərə öz fikrini bildirmək imkanının verilməməsi.

 

 

İstifadə edilmiş ədəbiyyat

Qlen H., və Nelsen J. 2000. Özünə düşkün dünyada özünə əmin olan uşaqların tərbiyələndirilməsi: Bacarıqlı gənclərin inkişaf etdirilməsi üçün yeddi standart maneə. Rozivella, CA Prima

Qlen H., Nelsen J., Duffy. R., Escobar, L., Ortolano, K., və Oven-Sohoçki, D. 2001. Pozitiv intizam: müəllimin A-dan Z-yə bələdçisi. Roklin, CA: Prima

Nelsen J. 1987. Pozitiv intizam. Nyu York: Ballantine. Yenidən işlənmiş nəşr. 1996

Nelsen J., və Lot L. 2000. Yeniyetmələr üçün pozitiv intizam: mülayim və möhkəm tərbiyə ilə yeniyetməlrinizin və sizin səlahiyyətləndirilməsi. Rozeville, CA: Prima.

Nelsen J.,  Lot L. və Qlen, H. 1993. Sinifdə pozitiv intizam. Roklin, CA: Prima. Yenidən işlənmiş nəşr. 1997, 2000.