FAYDALI MATERİALLAR

Məktəbəhazırlıq qruplarında istifadə üçün oyun nümunələri

22.01.2018

Məktəbəhazırlıq qruplarında istifadə üçün oyun nümunələri

Uşaqların hərtərəfli inkişafında oyunun rolu və əhəmiyyəti çox böyükdür. Tərbiyəçi-müəllim və ya valideynlər uşağın inkişafında uğurlu nəticə əldə etmək üçün oyundan təlim-tərbiyə üsulu kimi istifadə edə bilər. Bu zaman uşaqlar da təlimdə həvəslə iştirak edərlər, axı  onlar oynamağı çox sevirlər.

Aşağıda müəllimlər və valideynlər üçün faydalı olacaq oyun nümunələrini təqdim edirik.

«Hansı əşyadır?»

Məqsəd: Uşaqlara obyektdə müxtəlif əlamətləri seçməyi öyrətmək.

Təlimat: Müəllim söz deyir, uşaqlar isə onun əlamətlərini sadalayırlar.

Məşğələ: Savad təliminə hazırlıq, sadə riyazi təsəvvürlərin inkişafı, ana dili, təsviri fəaliyyət.

«Zəncir»

Məqsəd: Uşaqlara obyektlərin müxtəlif əlamətlərini təyin etməyi öyrətmək.

Təlimat: Müəllim obyektin (əşyanın) təsviri olan şəkli göstərir, uşaqlar onu adlandırır. Sonra şəkil digər uşağa ötürülür, o uşaq şəklin hansısa bir əlamətini söyləyib başqa uşağa ötürür. Beləliklə, şəkil hər bir uşağa ötürülür. Daha çox əlamət söyləmək lazımdır, təkrarlamaq isə olmaz.

Məşğələ: Savad təliminə hazırlıq və nitq inkişafı, məntiq və sadə riyazi təsəvvürlərin inkişafı, təsviri fəaliyyət.

«Təsvirə görə tap»

Məqsəd: Uşaqlara deyilən təsvirlərə görə obyektləri tapmağı öyrətmək.

Təlimat: Müəllim bir uşağa şəkil göstərir. O uşaq şəkli adlandırmadan təsvir edir. Digər uşaqlar təsvirlərə görə obyektin nə olduğunu tapmalıdırlar. Aparıcı uşaq obyekti ümumi əlamətlərdən başlayaraq xüsusi əlamətlərə keçməklə təsvir etməlidir.

Məşğələ: Savad təliminə hazırlıq və nitq inkişafı, məntiq və sadə riyazi təsəvvürlərin inkişafı, təsviri fəaliyyət.

«Ən əsasını seç»

Məqsəd: Uşaqlara obyektin xarakterik (xüsusi) əlamətini seçməyi öyrətmək.

Təlimat: Müəllim obyekti adlandırır. Uşaqlar obyektin bütün əlamətlərini sxematik qeyd

edərək (hərf və ya işarə ilə) sadalayırlar. Müzakirə zamanı obyektlərin çoxunda rast gəlinən əlamətlər pozulur. Xüsusi (xarakterik) əlamətlər isə qalır.

Məşğələ. Savad təliminə hazırlıq və nitq inkişafı, məntiq və sadə riyazi təsəvvürlərin inkişafı, təsviri fəaliyyət.

«Gəl dəyişək»

Məqsəd: Uşaqlara bir obyektin əlamətlərinin digər obyektə köçürülməsini və yeni obyektin praktik istifadəsini izah etməyi öyrətmək.

Təlimat: Müəllim uşaqlara şəkilləri paylayır. Uşaqlar öz obyektlərinin əlamətlərini sadalayırlar. Sonra müəllim hansısa obyektin əlamətlərini dəyişir və uşaqlara yeni əlamətləri olan obyektin necəliyini və necə istifadə olunmasını izah etməyi təklif edir.

Məşğələ Savad təliminə hazırlıq və nitq inkişafı, məntiq və sadə riyazi təsəvvürlərin inkişafı, təsviri fəaliyyət.

«Hansı obyektlərdə belə əlamətlər var?»

Məqsəd: Uşaqlara obyektin əlamətlərini təyin etməyi, «…kimi, amma ... deyil» modeli üzrə tapmacalar qurmağı öyrətmək.

Təlimat: Müəllim obyekti adlandırır (top). Uşaqlar «Necədir?» sualına cavab verən əlamətləri müəyyən edirlər və əlamətləri sadalayırlar. (yumru, hoppanan, diyirlənən, qaçan). Hər bir əlamətə bir obyekt seçilir (bu əlamət obyektdə aydın ifadə olunmalıdır, məsələn: yumru – qarpız, hoppanan -dovşan, diyirlənən – təkər, qaçan – at). Sonra «…kimi, amma …deyil» modeli üzrə tapmacanın mətni tərtib olunur. Məsələn: «Top: qarpız kimi yumrudur, dovşan kimi hoppanandır, təkər kimi diyirlənəndir, qaçandır, amma at deyil».

Məşğələ. Savad təliminə hazırlıq və nitq inkişafı, məntiq və sadə riyazi təsəvvürlərin inkişafı.

«Nə belə edir?»

Məqsəd: Uşaqlara obyektin əlamətlərini (funksiya, hissələr). müəyyən etməyi, «…kimi, amma …deyil», «necədir, digər obyektlə nəyi oxşardır?», «nə belə edir» modelləri üzrə tapmacalar qurmağı öyrətmək.

Təlimat: Müəllim obyekti adlandırır. Obyektdə bir hərəkət seçilir və bu hərəkətin aydın ifadə olunduğu digər obyektlər sadalanır. («Dovşan nə edir? Qurbağa kimi hoppanır, sincab kimi gəmirir). Təqdim olunan variantlardan «…kimi, …amma…deyil» modeli üzrə tapmacalar tərtib olunur: «Hoppanır, qurbağa deyil, gəmirir, sincab deyil».

Məşğələ: Savad təliminə hazırlıq və nitq inkişafı, məntiq və sadə riyazi təsəvvürlərin inkişafı.