FAYDALI MATERİALLAR

TƏHSİLDƏ TƏKAMÜL

18.12.2017

TƏHSİLDƏ TƏKAMÜL

İnsanlar məktəb sistemini necə kəşf etdi və niyə ailə öz gücü hesabına tərbiyə və öyrətmə prosesinin öhdəsindən gələ bilmədi?

Cəmiyyət üzun müddət məktəbə sosial institut kimi tələbat duymamışdır. Bəs çevriliş nə zaman baş verdi? Bu nə ilə bağlı idi? Bu günə qədər məktəb necə inkişaf edib və nəyə nail olub? Bu sualların cavabı  jurnalist və yazıçı Dmitri Qubinin “Təhsildə təkamül” mövzusunda mühazirəsinin tezislərindədir.

 

Təkamüldə təhsilin yeri

Qubinin istinad etdiyi təkamülün əsas prinsipi MDU-nin biologiya kafedrasının müdiri Aleksandr Markov tərəfindən ifadə olunmuşdur: “Təkamül – sistemin özünü qeyri-dəqiq kopyalaması prosesində təsadüfi dəyişikliklərin qeyri-təsadüfi möhkəmlənməsidir. Sistem bu şərtlərə cavab verirsə, təkamül baş verəcək”.

Biz nitq, ixtisas və əmək bacarıqlarına bir-birimizi təqlid etməklə yiyələnirik. Bütün insan mədəniyyəti məhz bu prinsip əsasında formalaşıb. Bu nöqteyi-nəzərdən təhsil sistemi mədəni təkamül prosesinə çox rahat uyğunlaşır. Bununla yanaşı bir çoxları təhsili səhv və birmənalı qəbul edir: şagirdlərin və tələbələrin müəyyən standartlardan keçməsi tələb olunan və bu standartların uyğunluğu ciddi yoxlanılan dövlət sistemi kimi.

“Gənclərin mütləq imtahana hazırlaşmalarını nəzərdə tutan pilləli təhsilin  əhəmiyyəti heç kim tərəfindən şübhə altına alınmır. Bu, universal adətlərdəndir. Biz təhsil prosesinin həyata keçirirlməsində məhz bu yolun düzgün olduğunu qəti şəkildə qəbul edirik. Lakin şəxsi təcrübəmizdə təhsil prosesini həyata keçirməyin başqa yollarının olduğunu anlayırıq. Biz oxu, yamsılama, müşahidə, hiss etmə proseslərində, insanların arasında və təklikdə öyrənirik. Lakin təqlidin heç bir üsülu təhsil prosesi adlandırılmır”.

Mett Ridli “Hər şeyin təkamülü”

Əslində isə təhsil – dövrün törəməsi olan funksiyadır. Həqiqətdə biz təhsil islahatlarını  pisləyərkən dövrün dəyişdiyini və təhsildə təkamül getdiyini unuduruq. Təhsilin daimi islahatı  normadır, çünki həmişə bir neçə tələb olur və onlardan bəziləri cavabsız qalır. Məsələn, bu gün təhsildə həm konservasiya,  həm də modernləşmə tələbi var.

 

Birinci dalğa: Ailə uşaq bağçası və dəfn agentliyi kimi

Dövrün təhsil sistemlərinin uyğunluq qanunları amerikalı sosioloq Elvin Tofflerin böyük səs-küyə səbəb olmuş “Üçüncü dalğa”  kitabında öz əksini tapmışdır. Toffler insanların qlobal inkişaf prosesini üç dalğaya bölür: kənd təsərüffatı, sənaye və postsənaye dalğaları.

Birinci və ya kənd təsərüffatı dalğası dövründə həyatın əsasını kənd təsərrüfatı təşkil etdiyi zamanda təhsilə ehtiyac hiss edilmirdi. O dövrdə məktəb və uşaqlıq kimi anlayışlar da yox idi. Bütün sosial institutları ənənəvi patrialxal ailə əvəz edirdi. O,  tam bir həyat dövrünü özündə birləşdirərək uşaq bağçası, məktəb, peşə məktəbi, ali təhsil müəssisəsi, fabrik və hətta dəfn agentliyi rolunda çıxış edirdi.

Uşaqları təhsil almağa göndərmək sərfəli deyildi: təsərrüfata işçi qüvvəsi lazım idi, təhsilli oğlan və qızlar isə lazım deyildi.

Zadəganlar və aristokratiyanın da təhsilə xüsusi marağı yox idi. Rusiyada istənilən qərb nümunəsi əsasında təhsil tətbiq etmək cəhdi naşıcasına təhriflə nəticələnirdi. Məsələn, 1775-ci ildə kraliça Yelizaveta tərəfindən Şuvalova bəxş edilmiş Moskva Universitetinin qərb ali təhsil müəssisələri ilə heç bir ortaq cəhətləri yox idi (heç indi də yoxdur). Çünki qərb universitetləri öz təhsilləri naminə müəllimləri işə götürən tələbə ittifaqları əsasında yaranırdı.

 

İkinci dalğa: məktəblərin və ondan narazı qalanların yaranması

 

İkinci, yəni sənaye dalğasına keçid zamanı hər şey sərt dəyişməyə başlayır. Xalqın yeni sənaye mərkəzlərinə axını baş verir, patriarxal ailə strukturu dağılır, hakimiyyət mərkəzləşdirilir və bir sıra sosial funksiyaları öz üzərinə götürür. Bu şəraitdə əvvəl əlçatmaz olanları əldə etmək mümkün olur: məktəblər yaranır, təhsil daha geniş yayılmış anlayışa çevrilir.

 

Həqiqətdə təhsil sistemi kimi yetişdirir?

 

Toffler yazırdı: “ O zaman aşkar təlim planından əlavə gizli təlim planı da mövcud idi və həqiqətdə bu gizli təlim planı təlimin əsas məqsədini təşkil edirdi”.

Beləliklə, sənaye dövrü məktəbində əsas məsələ intizam tərbiyə etmək idi. Bu məktəbin əsas məqsədi standartlaşdırılmış sənaye sahəsində çalışa biləcək standart düşüncəli insan yetişdirmək idi.

Təhsil tarixinə nəzər salsaq görərik ki, məsələn, Böyük Britaniyada məktəbin əsas vəzifəsi şagirdləri savadlandırmaq deyil, daha çox standart plan əsasında ölkəni idarə edə biləcək və bir-birisi ilə asanlıqla əvəz edilən məmurlar nəsli yetişdirmək idi. Dövlət məktəbi yalnız standartı təmin edə bilirdi. Təhsilin bütün inkişaf elementləri isə özəl məktəblərlə bağlı idi.

Özəl məktəbin şagirdləri (mənbə:The İndependent)

 

Müxtəlif təlim modelləri

 

XX əsrdə təhsil sistemində iki böyük istiqamət  yaranır: Prussiya və Amerika təhsil modelləri. Prussiya təhsil modeli hamı üçün eyni standartların  və intizamın gözlənilməsinə əsaslandığı halda, Amerika təhsil sistemi “kids have to be happy” (uşaqlar xoşbəxt olmalıdır) prinsipinə əsaslanır. Bu cür yanaşma rusları çox təəccübləndirir,  belə ki, Amerika məktəblərində məktəbli forması olmur, şagirdlərə partanın üzərində oturmağa icazə verilir, dərslər müzeylərdə keçirilir və şagird yerdə uzanlb incəsənət haqqında mühazirə dinləyə bilər.

Bu iki model təsil sisteminin inkişaf vektorunu müəyyənləşdirdi və dövrün ən yaxşı pedaqoqları içərisində hər iki istiqamətin nümayəndələrini tapmaq mümkündür.

 

Yenilikçi pedaqogika və alternativ təhsil

Eyni zamanda bu dövrdə pedaqogika üçün yeni imkanlar yaranır: bu daha çox şagirdə  individual yanaşma və əmək təhsili ilə bağlıdır. Novator-pedaqoqlar arasında avstriyalı Rudolf Ştayneri qeyd etmək olar. 1907-ci ildə o, məşhur “Uşağın təhsili” kitabını yazır, 1919-cu ildə isə antroposofik anlayışlara əsaslanan birinci Voldorf  məktəbini yaradır. Ştaynerin pedaqoji prinsipinin əsasında “bütün uşaqlar  dahidir ”prinsipi durur və müəllimin əsas vəzifəsi müxtəlif metodlar vasitəsilə dahilərə  özünü açmağa kömək etməkdir. İlk növbədə - əmək vərdişlərinin inkişafı vasitəsilə (uşaq təbii materiallardan öz əlləri ilə müxtəlif obyektlər düzəltməyi öyrənməlidir).

Daha bir prinsip – “təbii inkişafı” qabaqlamamaq – cinsi yetişkənlik dövrünə qədər uşaqda yeni biliklərdən imtina etmək istəyi yaranmaması üçün emosiyalara üstünlük verməyi təklif edir. Yalnız 12 yaşından sonra  ləyaqət, məqsəd və digər abstrakt anlayışlar haqqında fikirlər formalaşdıqda “vizual təhsil” haqqında danışmaq olar. Ştaynerin yenilikçi ideyaları arasında – orqanizmin təbii ritmi ilə əlaqəli təhsil, yəni materialın bloklarla, şagirdin individual temperamentini nəzərə alaraq verilməsi diqqəti cəlb edir.

 

Voldorf məktəbində dərs

(mənbə:Pinterest)

 

Lakin XX əsrdə pedaqogikanın inkişafını Voldorf məktəbi müəyyən etmədi. 1988-ci ildə YUNESCO dövrün dörd dahi pedaqoqunun adını açıqladı:

 

  • Jon Düyi, ABŞ. Hər bir fəaliyyətin inkişaf və anlama aləti kimi qəbul edildiyi “praqmatik pedaqogika” ideyasının müəllifi. Düyiyə görə təhsilin məqsədi sərbəst sahibkarlıq şəraitində “müxtəlif situasiyalara uyğunlaşmağı bacaran” şəxsiyyət  yetişdirməkdir. Təlimlərdə oyunların tərəfdarı olan Düyi bu günə qədər xarici dillərin öyrənilməsində istifadə olunan, yadda saxlamanı asanlaşdıran kartlar sistemini tətbiq edib.
  • Mariya Montessori, İtaliya. Montessorinin əsas ideyaları: şagirdin sərbəstliyi – uşaq özü öyrənir, böyüklər onun köməkçisi qismində çıxış edir; müəyyən olunmuş çərçivədə azadlıq – ənənəvi siniflərin əvəzinə şagirdin öz istəyi ilə hazırlanmış xüsusi məkan; “ixtiralar vasitəsilə öyrənmə” – əzbərçilik  olmadan,  materialla iş. Montessori həmçinin qarışıq yaş qruplarında təlimlər, dərslərin bir neçə təklif olunmuş variantdan sərbəst seçimi, davamlı üç saatlıq iş dövrü, təlimdə semantik blokların işıqlandırılması, davranışın normallaşdırılmasına gətirib çıxaran spontan fərdi intizama   əsaslanmağı təklif edirdi.
  • Qeorq Kerşenşteyner, Almaniya. Öz yanaşmasında Prussiya məktəbi sisteminə əsaslanır. Kerşenşteyner hesab edir ki, məktəbin əsas məqsədi vətəndaş cavabdehliyi və vətənpərvərliyin inkişaf etdirilməsidir. Məktəb fərdlərə deyil, dövlətə qulluq etməlidir. Alman pedaqoqu  iradənin, intizamın, şəxsi səylərin, özünüinkişafın tərbiyə edilməsi kimi vacib pinsipi tətbiq etdi və  böyük nailiyyətlər qazandı.
  • Anton Makarenko, SSRİ. Kimsəsiz uşaqlar və yetkinlik yaşına çatmamış  cinayətkarlar üçün əmək kommunaları yaratmışdır. Təhsilin əsas prinsipi  insanı islah və yenidən tərbiyə edən ümümi iş yaratmaqdır. “Kollektivin ümumi məqsədi yoxdursa, onun təşkili üsulunu tapmaq mümkün deyil”.

 

Üçüncü dalğa: dövrün yeni tələbləri

Nəhayət postsənaye dalğası göz önündə sürətlə inkişaf edir və əvvəlki dövrün əsas prinsipləri (standartlaşma, sinxronlaşma, mərkəzləşmə, maksimumlaşma) öz mənasını itirir.

XXI əsrdə biz iPhone telefonları, Single Speed velosipedləri, Barbershop gözəllik salonlarını, smuzi-barları və coworking iş sahələrini  sevən şəxslərdən ibarət cəmiyyət əldə etmişik.

Məgər hansısa bir təhsil sistemi şagirdləri buna hazırlaya bilərmi? Peşə məktəbləri lamberseksualizm dövründə işləyəcək mütəxəssislər yetişdirmirdi. Biznesdə uğur əldə etmək üçün kağız stəkanın üzərində sifarişçinin adını qeyd etməyin lazım gələcəyini kim bilirdi?

 

Spinnerlər sizi qıcıqlandıra bilər, lakin onun nə olduğunu bilmirsinizsə, 2017-ci ilin yazının aktual mövzusundan kənarda qalmısınız.

(mənbə: Pixabay)

 

Dövr gözlənilməz şəkildə sürətlə dəyişməyə başladı və dəyişikliklərə hazırlaşmaq mümkün deyil. Çunki müasir şəhər əhalisindən başqa, məsələn, yerli əhalinin dilini pis bilən, başqa məişət vərdişləri olan miqrantlar mövcuddur. Hamı da bir yerdə yaşamağı öyrənməlidir. Buna baxmayaraq bu gün Rusiya məktəbi yeni şəraitdə dəyişikliklər etməyə imkan tapır. Qubin müasir Rusiyada bir necə məktəb tipini qeyd edir:

  • Kütləvi məktəb – SSRİ-lə müqayisədə təhsil səviyyəsi çox aşağı düşmüş ikinci dalğa məktəbləri.
  • Bir neçə həddən artıq maraqlı məktəb – bir qayda olaraq fizika-riyaziyyat təmayüllü məktəblər (məs., Peterburq 239 saylı FRL - Qrebenşikov və Perelmanın məzun olduğu məktəb).
  • Sanki həbsxana həyatına hazırlayan sərt məktəblər: Makarenko və Vikniksor tipli məktəblər.
  • Əksər hallarda direktor tərəfindən özəlləşdirilmiş, varlı valideynlərin uşaqlarının xoş vaxt keçirdiyi məktəblər.
  • Yeni rayonlarda salınmış getto-məktəblər.

 

Dmitriy Qubin təhsil sistemindəki dəyişiklik və məktəblərin uyğunlaşması barədə düşüncələrini belə ifadə edir: “Hal-hazırda yeganə təhsil sistemi haqqında danışmaq mümkün deyil. Mən əminəm ki, elə  uşaqlar var ki, onlara mütləq sərt məcburiyyət və qamçı təsir edir. Onlar belə yaranıb və onların psixikası belədir. Digər tərəfdən nəvazişə ehtiyacı olan uşaqlar da var. Hər kəs tam fərqlidir və hər kəsə özünəməxsus yanaşma və ona uyğun təhsil müəssisəsi lazımdır. Məktəblərin diversifikasiyası (müxtəlif tipli olması)  bu günün tələbidir. Müasir məktəb ani dəyişikliklərə  hazır olmağı və dövrün yeni tələblərinin cavab verməyi öyrətməlidir”.

 

Süzanna Kuzniçenko