MƏQALƏLƏR

Müəllimlərin də motivasiyaya ehtiyacı var

05.09.2017

Əziz məktəb rəhbərləri,

Bildiyiniz kimi yeni dərs ilinin başlamasına çox az qalıb. Bu dərs ilini səmərəli etmək üçün şagirdlərlə yanaşı müəllimlərin də motivasiyası çox önəmlidir.  Problemlərin gedərək artdığı bir dövrdə nümunəvi müəllim olmaq çox çətindir. Müəllimlər tədris prosesində ailə problemləri, davranış pozuntuları olan və ya öyrənmə imkanları məhdud şagirdlərlə rastlaşırlar. Müəllimin bütün bunların öhdəsindən gəlməsi üçün motivasiyaya ehtiyacı vardır və məktəb rəhbərləri olaraq onları ruhlandırmaq sizin vəzifənizdir. Sizə motivasiya üçün əlverişli üsullar təqdim edirik:

 

Özünüzü kömək üçün hazırlayın

Məktəb rəhbərləri olaraq sizin rolunuz səmərəli öyrətmə və öyrənmə şəraiti yaratmaqla müəllimlərin həyatını asanlaşdırmaqdır. Ağır iş yükü olduqda müəllimlərinizə mümkün qədər kömək edin. Onlara izah edin ki, bir yükün altına girərkən sizdən də kömək istəyə və məsləhət ala bilərlər.

 

Müəllimləri ictimaiyyətə tərifləyin

Bir müəllimin özünü dəyərli hiss etməsi ən böyük motivasiyadır. Onlara dəyərli olduğunu bildirmək üçün müxtəlif yollardan istifadə edə  bilərsiniz. Məsələn, səhər dərs yeni başlayanda müəllimin son zamanlarda etdiyi nümunəvi addıma görə ona təşəkkür edin.

 

Müəllimləri bir-birlərini mükafatlandırmaq üçün ruhlandırın

Hər günün, həftənin və ayın sonunda vermək üçün tədris kuboku hazırlayın. Bu kubok, mükəmməl tədris üçün və ya sinifdən kənarda təşkil olunan fəaliyyətlər üçün verilə bilər. Axırıncı qalibə növbəti mükafatın qalibini seçməyi həvale edin. Bu, müəllimləri motivasiya edər və həmkarlarının onlar barədə fikirlərini öyrənməyə şans verər.

 

Kiçik hədiyyələr hazırlayın

Yüksək nəticə göstərən müəllimləri maddi dəyəri kiçik, lakin motivasiyaedici hədiyyələrlə sevindirə bilərsiniz. Bu, tədrisin yaxşılaşdırılması üçün atılan hər addımın təqdir olunduğunu müəllimlərə nümayiş  etdirir.

 

Müəllimləri peşəkar inkişaf imkanlarını axtarmaq üçün ruhlandırın

Müəllimlərə həm məktəbdaxili, həm də məktəbdən kənarda peşəkar inkişaf fəaliyyətləri təklif etməyiniz məsləhətdir. Bu fəaliyyətlərə konfranslar, seminarlar, həmçinin dövlət orqanları tərəfindən təşkil olunan təlimlər daxildir. Müəllimin öz peşəkar inkişafı ilə bağlı sizə etdiyi bütün müraciətləri dəyərləndirin və buna şərait yaradın. Həmçinin, daim yeni inkişaf imkanları axtarışında olun.

 

Müəllimlərə sinfin idarəolunması və tədrisdə sərbəstlik verin

Müəllimləri heç bir yenilik etmədən sadəcə göstərişləri izləməyə məcbur etməyin. Bunu yaddan çıxarmayın ki, müəllimin sinifdə tətbiq etdiyi hər hansı bir yenilik, gələcək təhsilə böyük töhfə ola bilər. Tədris prosesinə yeniliklər gətirməyə və yaradıcı olmağa şərait yaradın.

 

Məktəbdə poçt qutusu hazırlayın

Məktəbin göz önündə olan bir yerinə poçt qutusu yerləşdirin və şagirdlərə bildirin ki, öz müəllimləri barədə mənfi və ya müsbət rəylərini yazıb bu qutuya ata bilərlər. Ayın sonunda bu məktubları müəllimlərə çatdırın. Müsbət rəy müəllimləri ruhlandırdığı kimi, mənfi rəy də onları səfərbər olmağa və inkişafa məcbur edər.

 

Qərar verərkən müəllimlərin də fikrini nəzərə alın

Məktəblə və şagirdlərlə bağlı qərar verərkən, bunu müəllimlərlə müzakirə edərək həyata keçirin. Unutmayın ki, şagirdlərlə mütəmadi təmasda olan məhz müəllimlərdir və onlar qərarvermə prosesinə çox önəmli təkliflərlə gələ bilərlər. Qərar qəbul edərkən müəllimlərlə bunu müzakirə etmək və məsləhət almaq onları motivasiya edəcək. Həmçinin qərarların birgə müzakirə nəticəsində meydana gəldiyini bilən müəllim bu qərarların icrasına daha məsuliyyətli yanaşacaq.

 

 Müəllimlərinizi motivasiya etmək çətin ola bilər. Lakin bu, şagirdlərin uğur qazanmasında çox önəmli rol oynayır. Həmçinin siz motivasiya ilə müəllimin özünəinamını və inkişafını artıra bilərsiniz.

 

www.chalk.com təhsil saytının materialları əsasında hazırladı: Zöhrə Tağızadə