MƏQALƏLƏR

Sual vermək bacarığı

24.07.2017

Sual vermək texnikası səmərəli öyrənmənin əsas şərtlərindəndir. Amma araşdırmalar göstərir ki, müəllimlərin verdiyi sualların böyük bir qismi qısa cavablı, seçim tipli və şagirdin bildiyini təsdiqləməyə istiqamətlənmiş olur. Hər yaş qrupunda və səviyyədə olan öyrənənlərin sual vermə texnikasını inkişaf etdirməsi vacibdir. Tədqiqatçılar  deyir ki, sual vermə texnikasının qədim tarixi vardır.  

Sual vermək nə deməkdir?

Sual – funksiyası informasiya almaqdan ibarət olan müəyyən   formaya malik cümlədir. Sinif mühitində müəllimlərin verdiyi suallar şagirdə öyrəniləcək məzmunu  və ya nəyi necə ifadə etmək lazım olduğunu çatdıran təlimatları özündə əks etdirir.

Müəllimlərin sinifdə verdiyi sualların məqsədi nədir?

  • Şagirddə maraq oyatmaq və onu dərsdə aktiv fəaliyyət üçün motivasiya etmək;
  • Şagirdin hazırlığını dəyərləndirmək;
  • Tənqidi düşünmə bacarığını inkişaf etdirmək;
  • Əvvəlki mövzuları nəzərdən keçirmək və ümumiləşdirmək;
  • Münasibəti ifadə edən  ehtimalları inkişaf etdirmək;
  • Biliyi özlərinin əldə etmələri üçün şagirdləri motivasiya etmək;
  • Təlimin  nəticəsini ölçmək.

Şagirdlər isə bu suallara cavab vermək üçün aşağıdakı mərhələləri həyata keçirir:

  • Sualı dinləmək;
  • Sualın mənasını aydınlaşdırmaq;
  • Cavabı beynində formalaşdırmaq;
  • Cavabı ifadə etmək;
  • Cavabı yoxlamaq (müəllimin təhlilinə əsaslanaraq).

Sinifdə verilən suallar əhatəli araşdırılmış  mövzudur. Alimlər sual vermək üsulları ilə şagirdin uğuru və davranışı arasındakı əlaqəni tədqiq etməyə  daha çox  yönəlmişlər. Nəticələr aşağıdakı kimidir:

  • Dərsdə sual verilərək aparılan təlim şagirdlərə sual verilmədən aparılan təlimdən daha səmərəlidir.
  • Şagirdlər dərs zamanı cavablandırdıqları suallardan ibarət imtahanlarda daha yüksək, rastlaşmadıqları sualların daxil edildiyi imtahanlarda isə daha zəif nəticələr göstərirlər.
  • Dərsin izahı zamanı soruşulan şifahi suallar   yazılı suallarla müqayisədə öyrənməni daha da  asanlaşdırır.
  • Şagirdlərin diqqətini dərsin əsas məqamlarına yönəldən suallar digər suallarla müqayisədə anlamanı daha çox sürətləndirir.

Sualların yeri və zamanı

Dərsdə çox  sual verməklə  mövzunu  öyrənmək arasında birbaşa əlaqə var.

Mövzunu  oxumadan və dərsə başlamazdan öncə sual vermək yaşca daha böyük və ya mövzu ilə maraqlanan şagirdlər üçün daha səmərəlidir.

Kiçik yaşlı və zəif  şagirdlər dərsdən əvvəl onlardan soruşulan sualları cavablandırmağa kömək edəcək materiala fokuslanmağa daha meyillidirlər.

 Təəssüflər olsun ki, suallar vermək, tənqidi düşünmək mövzusunda hamı həmfikir olsa da, bunu həyata keçirməyə maneə yaradan cəmiyyətdə yaşayırıq.

  • Böyüyəndə öyrənəcəksən!
  • Hələ o mövzuya çatmamışıq!
  • ...............................................

Şagirdlər tərəfindən verilən bu və ya digər sualları belə cavablandırdıqca tənqidi fikirlərini ifadə edə bilməyən  və sualların cavabı üçün kənarda fərqli yollar axtaran gənclər yetişdiririk. Birlikdə yaşamağı öyrətmək və  tənqiqdi düşüncəni inkişaf etdirmək  üçün sinif otaqlarında verilən sualları geniş müzakirə etməliyik.