MƏQALƏLƏR

Məktəbdə işə başlayarkən nəyi bilmək lazımdır?

19.07.2017

Ədəbiyyat müəllimi, kitablar və hip-hop haqqında kanalın müəllifi Artyom Noviçenkov bu mövzuda fikirləri ilə paylaşır.

1. Sizə zəif sinif verə bilərlər

Gənc müəllimə adətən məktəbin ən zəif siniflərini həvalə edirlər. Bununla heç nə etmək mümkün deyil. Bu cür siniflərdə özünüqiymətləndirmə və intizam problemi var. Çətin olacaq, lakin siz əvəzolunmaz təcrübə qazanacaqsınız. Bundan sonra artıq heç nə sizi qorxutmayacaq.

Nə etməli. Uşaqlara digərlərindən aşağı olmadıqlarını başa salın. Onları qurban psixologiyasından azad etmək lazımdır. Heç olmasa sizin dərslərinizdə. Heç bir halda uşaqları aşağı qiymət, ev tapşırığı, töhmət və s. ilə yükləməyin. Bu onlar üçün adi gündür, sizin üçün isə qəddar müəllim damğasıdır. Onlarda özünə inam yaratmaq üçün birgə iş təklif edin. Adətən belə siniflərin şagirgləri mehribandır və qruplarda yaxşı işləyir.`

 

2. Şagirdlər sizi sınayacaq (uzun müddət)

Uşaqlar daha həssasdır. Sizin istənilən inamsızlığınız dərsi pozmaq üçün fürsətdir. Səliqəsizliyiniz rişxənd üçün bəhanədir. Məlumatsızlığınız sizin hesabınıza özünütəsdiqdir. Yalan isə bağışlanılmazdır.

Nə etməli. İlk növbədə evdən çıxarkən və dərsə girərkən güzgüyə baxın. Səliqəli, təmiz və zövqlə geyinin. Uşaqlar bütün xırdalıqlara fikir verir. Çiyninizə yapışmış sap bütün sinfin fikrini dağıda bilər. Bir fərqlilik varsa, zarafata salın. Əks halda sizin faciəniz komediya ilə nəticələnəcək. Ikinci, dərsə həmişə hazırlaşın. Çatdıra bilməmisinizsə, özünüzü hazırlıqlı kimi göstərməyin, uşaqlar bunu anlayacaq. Bilmədiyiniz və ya yaddan çıxardığınız sual verilibsə, bunu etiraf edin. Etiraf etmək yalan danışmaqdan və “vikipediya” ilə mübahisə aparmaqdan daha yaxşıdır. Onlar məlimatsızlığı tez bağışlayıb unudurlar, yalançı müəllimə isə hörmət olmur. Mənim məktəbimdə zəif ingilis dili müəllimi var. Gözlənilməz sual olduqda o uşaqları danlayır və gizlincə google tərcümədən istifadə edir. Uşaqlar ona nifrətlə yanaşır. Onlar ciddi və tələbkar olsa da ağıllı müəllimə üstünlük verir.

 

3. Siz stresə qarşı davamlılıq testi keçməli olacaqsınınz.

Sizin sinir sisteminiz nəyə qadirdir. İnanın -  uşaqlar siz fikirləşdiyinizdən daha dözümlü və inadkardır. Üstəlik onlar çoxdurlar, bəzən həddindən artıq çox saydadırlar. Onlar sizin mahiyyətinizi görmək istəyir. Məsələn, siz özünüzdən çıxanda necə olursunuz. Onlar eyni tipli müəllim maskalarından yorulub. Onlar sizin əsl emosiyalarınızı görmək istəyir.

Nə etməli. Özünüz olun, olduğunuz kimi qalın. Əgər sizin gününüz uğursuzdursa, açıq deyin. Əksini keyfiniz yaxşıdırsa, onlarla da bölüşün. Uşaqlar şəfqət göstərməyi və dərdə şərik olmağı bacarır və hətta sevir. Onlar maskaları sevmir.

 

4. Şagirdlər ev tapşırıqlarını yerinə yetirmir (dərslər isə plan əsasında getmir)

Təəccüblüdür, elə deyilmi? Siz onlar üçün bu qədər çalışırsınız onlar isə sizi dəyərləndirmir. Sizi məktəbin ən yaxşı müəllimi adlandırırlar, lakin sizin fənniniz onları maraqlandırmır. Siz onlar üçün maraqlı dərs planlaşdırmısınız, onlar isə tapşırılanları gətirmir və ya hazır olmurlar. Və ya bü gün onlara nəsə olub və heç nə alınmır.

Nə etməli. Heç bir halda sizin ümidlərinizi doğrultmadıqlarını, əziyyətinizin qarşılığında sizi pis vəziyyətə qoyduqlarını deməyin. Nəsə alınmadısa, qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün alternativlər axtarın. Siz müəllimsiniz, rəhbər deyilsiniz. Uşaqlar sizə borclu deyil. Yaddan çıxarmayın ki, uşaqlar sizin üçün deyil, özləri üçün oxuyur. Onlar sizi insan kimi bəyənə bilər, sizin fənniniz isə onlara lazım olmaya bilər.

Nəzərə alın ki, onlar dünən ekskursiya və ya məşqdə olduqları üçün hazırlıqsız ola bilər. Onlar coğrafiya fənnindən yoxlamaya hazırlaşıb, çünki sizdən fərqli olaraq müəllim onların heç bir səhfinə göz yummur. Bəlkə sizin dərsdən öncə onların iki qoşa saat fiziki hazırlıq dərsi olub? Bəlkə sizin dərsiniz bazar ertəsi  birinci dərs və ya cümə günü yeddincidir. Strategiyanızı dəyişin. Siz futbol məşqçisi kimisiniz. Sizin uzun skamya ehtiyatınız, oyunu heç olmasa heç-heçə  bitirmək üçün dəyişmə otağında deməyə sözünüz olmalıdır.

 

5. Şagirdlər distansiyanı pozaсaq

Kimsə sizin haqqınızda:“Gənc müəllimlə dostlaşmaq əla olardı!” deyəcək və ya düşünəcək. Dəhlizdə biri sizə əl ilə salamlaşmağı, digəri qucaqlaşmağı təklif edəcək. Üçüncü gəzintiyə dəvət edəcək. Çox vaxt uşaqlar üçün sərhədlər şərtidir. Bəzən onların təkliflərini rədd etmək çətindir. Bəzi yuxarı sinif şagirdləri xüsusilə bəyənilir və onlarla dostluq etmək istəyi yaranır. Onu da nəzərə alaq ki, müəllimlər çox darıxdırıcıdır və insan onlar kimi olmaq istəmir. Lakin eyni zamanda siz anlayırsınız ki, bu düzgün deyil.

Nə etməli. Bu suala cavab vermək çətindir. Bəzi sərhədlər var ki, onları hər müəllim özü təyin edir: nə olar, nə olmaz və nə xüsusi hallarda olar. Amma mən əminəm ki, bəzi prinsipləri pozmaq olmaz:

· “sən” deyə müraciətə keçmək olmaz;

· bağlı sinif otağında şagirdlə tək qalmaq olmaz;

· sinif rəhbəri və valideynləri xəbərdar etmədən şagirdlərlə gəzintiyə getmək olmaz;

· cismani təması maksimum məhdudlaşdırmaq (mümkünsə,istisna etmək) lazımdır

· nitqə ciddi nəzarət etmək lazımdır: əxlaqsız və aşağılayıcı leksikadan istifadə etməmək.

 

Əlbəttə siyahı bitməyib, lakin bu əsasdır. Etik məsələlər – təhsil sisteminin ən işlənilməyən və ağrılı mövzularındandır. Nəyi, necə və harda demək müəllimin məsuliyyətidir.

Yaddan çıxarmayın ki, məktəb böyük kəndə oxşayır və burada hər kəs hamı haqqında hər şeyi bilir.

Bütün xırdalıqları nəzərə almaq mümkün deyil. Hər müəllimin öz təcrübəsi və şagirdləri var. Yadda saxlamaq lazımdır ki, səmimiyyət, bilik və diqqəti şagirdlərin üzərində cəmləmək ən yaxşı iş qaydasıdır.