MƏQALƏLƏR

Travma almış şagirdin beynini sakitləşdirməyin 7 yolu

19.07.2017

 

Dr. Lori Desautelsin məqaləsinin tezisləri

                                                                        Faciə və travma ilə dolu bir keçmiş

            Maks 6-cı sinif şagirdlərimdən biridir. O, hər gün sinif otağına faciəvi keçmişindən qalan xoşagəlməz xatirələrlə birgə gəlir. Onun anası ötən yazda, atası isə anasından bir il qabaq öldürülmüşdür.  Indi içki düşkünü nənəsi ilə yaşayan Maks, keçmişində baş vermiş bu faciələrin vurduğu yaralarla mübarizə aparır.

            Onun yerişi qəribədir, heç kimlə göz təmasında olmur.  Hərəkətləri çox sistemsizdir: o, yeni basketbol ayaqqabılarının bağları ilə oynayır, onları hər dəqiqə açıb-bağlayır. Onun diqqəti dərsdə yox, çox uzaqlardadır. Yersiz danışmaq, kağızları stola çırpmaq və sinif yoldaşlarına qışqırmaq hər səhər təkrarladığı hərəkətlərdir. O, kiminləsə dava etmək üçün sinfi nəzərdən keçirir və onu qıcıqlandıracaq bir adam axtarır.

                                                                                  Travmanın təsiri

            Travma almış beyin yorğun, ac, narahat, yararsız  olur və bu əlamətlərin də təcrid olunma, narahatlıq, qorxu və qəzəb kimi hislərə səbəb olma ehtimalı var. Mənfi təcrübələrdən yaranan neyrobioloji dəyişikliklər beynin qorxu reaksiyasını kükrədir. Sıxıntını hiss etdiyimiz zaman beynimiz və bədənimiz “Mən təhlükədə deyiləm ki?” sualını yaradan emosional mesajlarla dolub daşır. Bədənimizdə kortizol və adrenalin hormonlarının səviyyəsinin artması nəticəsində qan təzyiqi, ürək döyünməsi və təngnəfəslik ilə müşayiət olunan qarışıq fizioloji reaksiya veririk. Qorxu reaksiyasının xroniki aktivliyi beynin dərketmə və öyrənməni təmin edən hissələrinə zərər yetirə bilər.

           Beyin əhəmiyyətli bir çətinliklə qarşılaşdıqda, özünü yenidən bərpa edir. Keçmiş təcrübələr həmişə bədəndə geriyə dönüş, xatirə və ya bu kədərli hadisə ilə əlaqəli düşüncələr şəklində özünü biruzə verir.

            Bəzi uşaqlar və yeniyetmələr heç bir zaman sağlam mühitdə yaşamadıqları üçün məktəbə gələrkən böyüklərə qarşı dərin inamsızlıq hissi yaşayırlar. Belə uşaqların beyni davamlı həyəcan içində olur.

            Bruys Peri və Bessel Van der Kolk travmanı ilk araşdıran qabaqcıl psixiatrlardır. Onlar travma almış şəxslərin inam hissini necə bərpa edəcəkləri barədə ciddi araşdırmalar aparmışdır. Kiçik uşaqlarda inam hissini aşılamaq vacibdir. Peri və Van der Kolk iddia edir ki, uşaqları neqativ reaksiyalardan qorumaq üçün onları güvənli sakit bir yerə apararaq beyinlərinin və bədənlərinin rahatlamasını təmin etmək lazımdır.

        Aşağıda 6-cı sinif şagirdlərinə tətbiq etdiyim, diqqətin davamlılığını təmin edən və diqqət dağınıqlığını azaldan bəzi strategiyalar verilmişdir. Bu strategiyalar bütün şagirdlər, xüsusilə də sinfə neqativ emosiyalar ilə gələnlər üçün yararlıdır. Bu strategiyaları günün istənilən vaxtında - dərsin başlanğıcında, tənəffüsdə, nahardan sonra və ya günün sonunda tətbiq edə bilərik.

                                                                          Beyni sakitləşdirməyin yolları

  1. Dərindən nəfəs almaq başa axan qanı oksigen və qlükoza ilə təchiz edir. Sadəcə üç dəfə dərindən nəfəs alıb-vermək emosional beyni sakitləşdirir.
  2. Hərəkət də beyni sakitləşdirir. Mən bir ritm seçərək plastik fincan və ya bədənimlə bəzi hərəkətlər göstərirəm və şagirdlər eyni hərəkətləri ayaqları və əlləri ilə təkrar edirlər. Kollektiv səs sinifdə birlik hissi yaradır.
  3. Gündə bir dəfə uşaqlara bir-iki damcı losyon paylayıram və 90 saniyə ərzində əllərini, barmaqlarını, ovuc içlərini, barmaq uclarını, həmçinin bədənlərinin digər narahatlıq hiss etdikləri hissələrini masaj etməklərini xahiş edirəm.
  4. Bir neçə dəqiqə ərzində öz bədənlərini hiss etmək üçün onurğalarını yırğalamağı şagirdlərən xahiş edirəm. Bu, həmçinin bədəni həssaslıq və hərəkətlə vəhdətdə olan sakitləşdirici bir ritmə salır.
  5. Barmaqlarımızı boğazımıza yaxınlaşdırırıq və günə bir mahnı oxuyaraq başlayırıq, səs tellərimizin titrəməsini hiss edirik.
  6. Şagirdlər ayaqlarını düz uzadaraq oturur, ayaqları və topuqlarını oynadır, dizləri və baldırlarını əsdirir, çiyinlərini, qollarını və nəhayət başlarını sağa-sola çevirir, bununla da bütün bədən hissələrini eyni zamanda  hərəkət etdirməyi təcrübədən keçirirlər.
  7. Bəzən isə şagirdlərə  yaylıqlar verirəm və mahnı sədaları altında otağı dövrə vurub rəqs edərək yaylığı dalğalandırmağı xahiş edirəm. Uşaqlar bir-birinin yanından keçərkən yaylığın yumşaq toxunuşunu hiss edirlər. Musiqi dayananda  uşaqlar olduqları vəziyyətdə donub-qalmalıdır.   Bu üsulla onlar öz duruş və hərəkətlərini əyani şəkildə görə bilirlər.

            Bunlar mənim tətbiq etdiyim üsullardır. Bəs siz travmalı şagirdin tədrisə marağını artırmaq üçün nə edirsiniz?