ELANLAR

"Refleksiv müəllim" seminarına qeydiyyat davam edir

13.03.2017

İdeal dərs olmur. Amma başqalarının və özünün  təcrübəsindən öyrənərək ideala doğru addımlayan, hər gün yeniləşən, inkişaf edən müəllimlər var. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu belə müəllimləri “Refleksiv müəllim” adlı layihədə iştiraka dəvət edir.

Layihənin  məqsədi dərsin planlaşdırılması, səmərəli keçirilməsi və adekvat qiymətləndirilməsi ilə bağlı məsləhətə ehtiyacı olan müəllimlərə dəstəyin göstərilməsidir. Bu, təhsil ekspertləri tərəfindən müəllimləri öz fəaliyyətlərini təhlil etməyə  sövq etməklə gerçəkləşəcək.

İştirak üçün qeydiyyatdan keçmək tələb olunur.

Psixoloji rahat mühitdə dərs planlarını, icmallarını, ideyalarını həmkarlarına və ekspertlərə təqdim etmək  və onun müzakirəsində iştirakla öz şəxsi təcrübəsini genişləndirmək istəyən ibtidai sinif müəllimləri sessiyaya dəvətlidir. Özünü və təcrübəsini təqdim etməyə tərəddüd edənləri isə qonaq qismində dəvət edirik. İnanırıq ki, bu müzakirələr gələcəkdə sizi də fəal iştirakçıya çevirəcəkdir. Auditoriyamıza orta məktəb müəllimləri ilə yanaşı tələbələri, ali məktəb müəllimlərini, alim-metodistləri, təhsil sahəsində ixtisaslaşmış jurnalistləri qəbul etməyə hazırıq.

Qeyd: Fənn müəllimləri qrup şəklində müraciət etdiyi təqdirdə onlar üçün xüsusi  sessiya keçiriləcəkdir.

Əziz təhsil işçiləri, D.Poznerin inkişaf formuluna diqqət edin  və qeydiyyatdan keçməyə tələsin:

TƏCRÜBƏ + REFLEKSİYA = İNKİŞAF